Məhkəmə hüquq müdafiəçisini həbsdə saxlayıb

Şəki Apellyasiya Məhkəməsində “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının üzvü, hüquq müdafiəçisi Taleh Xasməmmədovu həbsdə saxlayıb.
 
Hakim Rafael Əliyevin sədrliyi ilə keçən məhkəmədə T. Xasməmmədovun özü də iştirak edib və çıxış edib.O həbsinin siyasi motivlərlə bağlı olduğunu və hüquq müdafiə fəaliyyəti ilə məşğul olduğuna görə həyata keçirildiyini bildirib. O məhkəmədən hər hansı müsbət qərar gözləmədiyini və səhətində problem olduğuna görə etap olunmasından əziyyət çəkdiyini bildirərək tez qərar verilməsini istəyib.
 
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin yaydığı məlumata görə, məhkəmədə hüquq müdafiəçisinin çox saylı vəsatətlərindən heç biri qəbul olunmayıb. Məhkəmə hadisənin əsas şahidlərindən olan onun anası Gülbuta Xasməmmədovanı dinləməkdən və hadisə yerinə quraşdırılmış video görüntülərə baxış keçiməkdən imtina edib.
 
Məhkəmədə Göyçay rayon polis şöbəsinin rəis müavini Faiq İlyasov başda olmaqla 4 əməkdaşı iştirak edib və onların hamısı T. Xasməmmədovdan şikayətçi olduqlarını bildiriblər. Polislər məhkəmədə ifadə verərək bildiriblər ki, Xasməmmədov onları təhqi edib, döyüb və paqonlarını söküb yerə atıb. Nəticədə polis əməkdaşları xəsarət alıb. Polis əməkdaşlarından bədən və cüssəcə xeyli zəif olan Taleh Xasməmmədovun 4 polis əməkdaşını eyni vaxtda döyməsindən təəccüblənən hakim hüquq müdafiəçisnə maraqlı sual verib: “Siz karate üzrə qara kəmər sahibsinizmi?” Xasməmmədov isə hakimə cavabında idmançı olmadığını, polislərin onu şərlədiklərini və sifarişlə ona böhtan atdıqlarını bildirib.
 
Şəki Apellyasiya Məhkəməsi Göyçay rayon Məhkəməsinin Taleh Xasməmmədovun 3 il müddətə azadlıqdan məhrum edilməsi ilə bağlı qərarını dəyişmədən qüvvədə saxlayıb.
 
T. Xasməmmədov bu il fevralın 24-də Göyçayda ailə üzvləri ilə mebel salonundan çıxarkən həbs olunub. Xasməmmədov ittihamı qəbul etmir və sifariş sayır. faktxeber /
 

Google+ WhatsApp ok.ru