Məmurlar xalqı aldadır...

«Yüksəkvəzifəli məmurların bölgələrə əhalinin problemlərini öyrənmək adı ilə etdikləri səfərlər formaldır». «Azadlıq» qəzeti Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovla Sosial Müdafiə Fondunun rəhbəri Elman Mehdiyevin Masallı və Lerikə səfərlərini belə dəyərləndirir.
 
Qəzetdə yazılır ki, hər iki məmur problemli vətəndaşların şikayətlərini dinləmək əvəzinə onları aldadır. Qeyd edilir ki, Masallıda saat 11 üçün Mədəniyyət Mərkəzində F.Ələsgərovla görüş təşkil ediblər. Amma sakinlər bundan məlumatsız saxlanılıb. Görüş barədə rayona xəbər yayılan kimi əhali Mədəniyyət Mərkəzinə axışmağa başlayıb:
 
«Dərdini deməyə gələnlərə isə bildirilib ki, saat 16-da idman kompleksində F.Ələsgərov onları qəbul edəcək. Lakin verilən vədə əməl olunmayıb. F.Ələsgərov görüşə gəlməyib».
 
Oxşar durumun Lerikdə SMF sədri E.Mehdiyevin keçirdiyi görüşdə də yaşandığı bildirilir. Qəzetdə yazılanlara görə, orada da problemlər barədə danışa bilən, həqiqətən də ciddi şikayəti olan sakinləri qonaq məmurdan uzaq tutublar:
 
«Beləliklə, hər iki səfər-görüş bir növ «quş qoymaq» xətrinə keçirilib .Nə ayrı-ayrı vətəndaşların, nə də ümumilikdə Masallı və Lerikin problemləri öyrənilib».
 
Bütünlükdə isə bu qəzet ölkə məmurlarının rayonlara səfərlərinin heç bir əhəmiyyətinin olmayacağı və xalqın bu vədlərə qarnının tox olduğunu nəzərə çatdırır. /

Google+ WhatsApp ok.ru