Mehman Əliyevin işində yeni şikayət verilib

Mehman Əliyevin işində yeni şikayət verilib

Bu gün, sentyabrın 7-si «Turan» İnformasiya Agentliyinin (İA) həbsdə olan direktoru Mehman Əliyevlə bağlı Yasamal Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib.
 
Bu barədə vəkil Fuad Ağayev məlumat yayıb.
 
Müdafiə tərəfi Yasamal Rayon Məhkəməsinə girov əvəzində M.Əliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət vermişdi.
 
Həmin vəsatətdə M.Əliyevin tutulmasının əsassız olduğu bildirilirdi. Dünən, sentyabrın 6-sı Yasamal Rayon Məhkəməsində vəsatətə baxılıb və o, təmin edilməmişdi.
 
M.Əliyev özü də məhkəmədə çıxış etmişdi. Vəkilinin vəsatətini müdafiə edən M.Əliyev bildirmişdi ki, həbsindən əvvəl də dəfələrlə şifahi şəkildə istintaqa çağrılıb və hər dəfə də gedib ifadə verib. Həbs olunan gün isə istintaq orqanına onu telefon zəngi ilə çağırıblar.
 
Hakim isə bu deyilənləri nəzərə almamışdı.
 
Bu apellyasiya şikayətində həmin qərara etiraz bildirilir.
 
Vəkil sentyabrın 6-da keçirilən prosesdən sonra bildirmişdi ki, qərardan apellyasiya şikayəti veriləcək. Əgər Bakı Apellyasiya Məhkəməsi də şikayəti təmin etməsə, bu işi Avropa İnsan Hüquqları Məhkəməsinə göndərəcəklər.
 
Avqustun 31-i isə kollektiv bəyan edib ki, «Turan» İnformasiya Agentliyi kommersiya qurumu olaraq fəaliyyətini dayandırır. Ancaq «Turan»da çalışanlar sayt vasitəsilə fəaliyyətlərini könüllülük əsasında davam etdirirlər. Agentliyin əməkdaşları hələ də istintaqa çağırılmaqdadırlar. (azadliq.org)
 

Google+ WhatsApp ok.ru