Ömürlük məhbus özünü niyə asıb?

Qobustan həbsxanasında intihar edən məhkum Sübhay Ibrahimovun ölümünün səbəbləri ilə bağlı redaksiyamıza ilginc məlumat daxil olub. Məlumatda iddia olunur ki, Sübhay Ibrahimovun intihara vadar edən həbsxananın rəisi Fikrət Qafarov olub. Iddialara görə, rəisin göstərişilə Sübhay Ibrahimov cinsi azlıqların nümayəndələrilə bir kameraya salınıb.
 
O, buna etiraz edib və rəislə görüşmək istəyib. Lakin həbsxananın Emin adlı rejim üzrə şöbə rəisi ona bildirib ki, rəis səni qəbul etmək istəmir, nə bilirsən elə. Sübhay Ibrahimov da çıxış yolunu intiharda görüb və hamamda özünü asıb.
 
 
Məlumatda iddia olunur ki, bundan əvvəl Samuxun keçmiş icra başçısı Vaqif Hüseynovun ölümündə də rəisin rolu var. Iddia olunur ki, əgər rəis təcili tibbi yardım briqadasını vaxtında həbsxanaya buraxsaydı 75 yaşlı Vaqif Hüseynov ölməzdi. Bundan başqa ötən ilin oktyabr ayında Siyavuş adlı ömürlük məhbus səhhətində problem yarananda Fikrət Qafarov təcili tibbi yardımı həbsxanaya buraxmayıb. Nəticədə məhkum dünyasını dəyişib.
 
Ümumiyyətlə bildirilir ki, Fikrət Qafarov dustaqlara qarşı xüsusi aqressiyası ilə seçilir. Məhkumların hüquqları kobud şəkildə pozulur. Bu səbəbdən həbsxanada intihara cəhd edənlərin sayı artıb.
 
Məlumatla bağlı Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yaşar Isakovla əlaqə saxlasaq da, məzuniyyətdə olduğunu bildirib şöbə ilə əlaqə saxlamağı tövsiyyə etdi. Şöbədən isə zənglərimizə cavab verən olmadı. azadliq.info /
 

Google+ WhatsApp ok.ru