Nardaranda silah tapılıb

Nardaranda silah tapılıb

Daxili İşlər Nazirliyindən verilən məlumatda qeyd olunur ki, 30 gün müddətində inzibati həbs olunmuş Sabunçu rayonunun Nardaran qəsəbə sakini Fail Şahbazovun qəsəbə ərazisində 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 1 ədəd "F-1" qumbarası basdırdığı müəyyən edilib. Əməliyyat  Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılıb.
 
"Həmin silah-sursat basdırıldığı yerdən çıxarılaraq götürülüb", - məlumatda deyilir.
 
Qeyd edək ki, Fail Şahbazov noyabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmama) ilə ittiham olunaraq həbs olunmuşdu.
 
O, polis tərəfindən saxlanılarkən vəkil Yalçın İmanov belə demişdi: "Fail Atabala oğlu Şahbazov da daim bu məhkəmə prosesinə gəlirdi. Bu baxımdan, istisna olunmur ki, o da məhkəməyə gələnlərə qarşı təzyiqlər kontekstində cəzalandırılıb".

Google+ WhatsApp ok.ru