Nardaran hadisələri ilə bağlı istintaq materialları vəkilə verilmir

Nardaran hadisələri ilə bağlı istintaq materialları vəkilə verilmir

Cinayət işi üzrə 18 polis zərərçəkən kimi tanınıb
 
"Nardaran hadisələri ilə bağlı cinayət işi materialları ilə tanış olduq. Baş prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin rəis müavini, istintaq qrupunun rəhbəri Pərviz İbayev bəzi cinayət işi materiallarını müdafiə tərəfinə təqdim etməkdən imtina etdi, səbəb kimi göstərdi ki, guya onların sizə aidiyyatı yoxdur, siz qanunvericiliyə uyğun olaraq ancaq özünüzə aid olan sənədlərin surətini ala bilərsiniz".
 
Bunu Meydan TV-yə açıqlamasında vəkil Fariz Namazlı deyib.
 
Onun sözlərinə görə, həmin cinayət işi üzrə 18 nəfər polis əməkdaşı heç bir zərər vurulmadığı halda zərərçəkmiş şəxs kimi tanınıb: "Onların ifadəsi, eyni zamanda digər təqsirləndirilən şəxslərin ifadələrinin surəti bizə təqdim edilməyib. Guya o ifadələrin müdafiə etdiyim şəxsə aidiyyatı yoxdur. Abbas Hüseynova Cinayət Məcəlləsinin 21 maddəsi üzrə ittiham elan edilib, bu ittihamlara hakimiyyət nümayəndələrinə zor tətbiq etmə, qəsdən adam öldürmə, silahlı qrup yaratma daxildir. Zərərçəkmiş şəxslər də məhz bu ittihamlara görə zərərçəkmiş şəxs kimi tanınıb, digər təqsirləndirilən şəxslər də Abbas Hüseynovla cinayətkar dəstə üzvü olmaqda ittiham edilir. Onların ifadələrinin Abbas Hüseynova aidiyyatı yoxdurmu? Pərviz İbayev hansı məntiqdən çıxış edərək o ifadələrin Abbas Hüseynova aid olmamasını deyir?"
 
Vəkil qeyd edib ki, bu tendensiya İstintaq İdarəsi tərəfindən yeni yaradılıb: "Bundan əvvəl Xədicə İsmayılın cinayət işi üzrə də istintaq materiallarının surəti bizə təqdim edilməmişdi. Həmin zaman Baş prokurora yazdığım məktub da cavabsız qaldı.
 
Hazırda yenə də sənədlərin surətinin verilməməsi ilə bağlı Baş Prokurora müraciət etmişəm. Sənədlərin surətinin bizə təqdim edilməməsini müdafiə hüququnun kobud şəkildə pozulması kimi qiymətləndiririk". (meydan.tv)

Google+ WhatsApp ok.ru