Nardaran işi: 'Burnumun sındığı elə kənardan da görünür'

Nardaran işi: 'Burnumun sındığı elə kənardan da görünür'

Nardaran hadisələrinə görə həbs olunan və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldığını deyən şəxslər bu günlərdə təcridxanada onları müayinə etmiş ekspertdən narazıdılar.
 
Nardaran işi üzrə oktyabrın 21-də keçirilən məhkəmə iclasında onlar bu məsələ ilə əlaqədar etirazlarını bildiriblər.
 
Təqsirləndirilən şəxslər deyir ki, üstündən 11 ay keçməsinə baxmayaraq, işgəncə izləri hələ də bədənlərində qalır, həmin izləri ekspertə də göstəriblər, amma o, qeydə almaqdan imtina edib.
 
"İşgəncələrdən sonra başımda şiş əmələ gəlib. Müalicə Müəssisəsində tomoqrafiya avadanlığı olmadı ki, bunun nə şiş olduğunu, nədən əmələ gəldiyini müəyyənləşdirsinlər. Bu ekspertə şişi, başqa xəsarət izlərini göstərirəm, qeydə almaq istəmir. Ona dedim ki, ağsaqqal adamsan, gördüyünü niyə danırsan?", – Abbas Hüseynov bildirib.
 
“İŞGƏNCƏ İZLƏRİNİ GÖSTƏRİRƏM”
 
Ilahiyyatçı Taleh Bağırov da deyir ki, "bandotdel" əməkdaşları həbsdə onu döyüb burnunu sındırıblar. Amma ekspert burundakı sınığı qeydə almaqdan imtina edir: "Deyirəm, burnum sınıb, nəfəs ala bilmirəm, soruşur ki, hardan bilirsən? Burnumun sındığı elə kənardan da görünür".
 
Başqa bir təqsirləndirilən Bəhruz Əsgərov da ekspertin onun üzərindəki xəsarətləri qeydə almamasından gileylənib: "İşgəncə izlərini göstərirəm, deyir, burada nə var ki?!"
 
Qeyd edək ki, Nardaran işi üzrə məhkəmədə təqsirləndirilən şəxslərin BMCMİ-də işgəncələrə məruz qalmaları barədə ifadələrindən sonra vəkillərin qaldırdığı vəsatət əsasında ekspertiza təyin olunub.
 
Vəkillər deyir ki, təqsirləndirilən şəxslərin bugünkü məhkəmədə söylədiklərindən sonra ekspertizanın rəyini bəri başdan şübhə altına almağa ciddi əsaslar var.
 
Vəkil Nemət Kərimli məhkəmənin Ekspertiza Mərkəzinə müraciət edərək, təqsirləndirilən şəxslərin narazılıqlarının çatdırılmasını istəyib.
 
“5 NƏFƏRİ GÖZÜMÜN QABAĞINDA DÖYDÜLƏR”
 
Hakim Əlövsət Abbasov bildirib ki, ekspertizanın rəyi, hələlik, məhkəməyə daxil olmayıb. Ona görə də məhkəmə bu məsələ ilə əlaqədar heç bir addım ata bilməz.
 
Təqsirləndirilən şəxslərdən Abbas Hüseynov hakimlərin nəzərinə çatdırıb ki, onu Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında hələ də karsda saxlayırlar. Onun sözlərinə görə, təcridxanada özbaşınalıq hökm sürür, dustaqlara işgəncə verilir: "Bu gün məni karsdan çıxarıb gətirməmişdən əvvəl, ən azı, 5 nəfəri gözümün qarşısında döydülər. Dustaqları söyürlər, işgəncə verirlər. Elə bil, bu dövlətin qanunu, yiyəsi yoxdu. Azərbaycanda həbsdə olmaq sanki erməni əsirliyində olmaqdı. Adamlara zülm eləmək insana yaraşan hərəkət deyil. Bilirəm, deyəcəksiz ki, bu məsələnin burada baxılan işə aidiyyəti yoxdu. Ən azı, insan kimi, bu məsələyə biganə qalmayın, müraciət eləyin ki, adamlara zülm eləməsinlər. O insanlar yazıqdır, bizim vətəndaşlarımızdı".
 
Daha sonra prosesdə şahid qismində Sabunçu rayon Polis İdarəsinin əməkdaşları ötən il noyabrın 5-də Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun azadlığa buraxılması tələbiylə idarənin qarşısında keçirilən aksiya ilə bağlı ifadə verib.
 
Məhkəmə davam edir.(azadliq.org)

Google+ WhatsApp ok.ru