Prokurorluq məktəbin qarşısındakı ölüm faktını araşdırır

Suraxanı rayon Prokurorluğundan Trend-ə bildiriblər ki, bu gün 118 saylı Hövsan kənd orta məktəbinin qarşısında keçirilən etiraz aksiyası zamanı ölən Elmar Əliyevin meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Suraxanı Rayon Şöbəsinə aparılıb. Yalnız ekspertizanın ilkin rəyindən sonra faktla bağlı cinayət işinin qaldırılıb-qaldırılmayacağı haqda qərar veriləcək.
 
Qeyd edək ki, bu gün səhər məktəbin ətrafına toplaşan kənd sakinləri məktəbin direktoru Qardaşxan Səlimovun məktəbdə idarəetmə formasından, davranışlarından şagirdlərlə təhqir formasında danışmasından şikayət ediblər.
 
Valideynlər qeyd ediblər ki, məktəbin tarix müəllimi uzun müddətdir ki, dərsə gəlmir və uşaqlar dərslərdən geri qalırlar. Yanvarın 16-da məktəbin IX sinif şagirdləri direktordan müəllimin dərsə gəlməməsinin səbəbini soruşub və onun başqa müəllimlə əvəz olunmasını istəyiblər. Məktəb direktoru təhqiredici efadələr işlədib.
 
Aksiya zamanı 22 yaşlı Əliyev Elmar Rəcəbəli oğlu qıcolmadan dünyasını dəyişib.
 
Əraziyə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. İdarənin rəisi Təhmasib İbrahimov jurnalistlərə deyib ki, həkimlərin bildirdiyinə görə, ölən epilepsiya xəstəsi olub. Hazırda Elmar Əliyevin ölüm faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.   

Google+ WhatsApp ok.ru