Rauf Mirqədirovun həbs müddəti 5 ay uzadılıb

Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb. 
 
Bu barədə R. Mirqədirovun vəkili Fuad Ağayev məlumat verib. 
 
Vəkil bildirib ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 5 ay uzadılmasına qərar verilib: “Rauf Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti noyabrın 19-da başa çatıb. Mən və digər vəkil Elmar Süleymanov noyabrın 20-də Rauf Mirqədirovla görüşmək istəsək də, mümkün olmayıb. Noyabrın 20-də Nəsimi Rayon Məhkəməsində bizim iştirakımız olmadan barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini uzadıblar”. 
 
Vəkil bununla bağlı apellyasiya şikayəti verəcəklərini deyib. 
 
R. Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

Google+ WhatsApp ok.ru