REAL-çı gənclər saxlanıb

REAL-çı gənclər saxlanıb

REAL (Respublikaçı alternativ) hərəkatının üzvləri Elşən Qasımovla Toğrul İsmayılovu kimliyi bəlli olmayan şəxslərin saxladığı bildirilir.
 
Bu haqda hərəkatın idarə heyətinin üzvü Rəsul Cəfərov saxlananların yaxınlarına istinadən məlumat verib.
 
Onun bildirdiyinə görə, Elşən Qasımovla Toğrul İsmayılovu avqustun 15-də metronun “İçərişəhər” stansiyasının yaxınlığında saxlayıblar. Gəncləri saxlayan şəxslər mülki geyimdə olublar.
 
REAL-çıların hara aparıldığı bəlli deyil. Ancaq onların hansısa idarədə sorğu-sual edildiyi bəllidir. Rəsul Cəfərovun bildirməsinə görə, bu haqda Elşən Qasımov telefonla qardaşına məlumat verib və telefonu söndürməli olduğunu deyib.
 
Rəsul Cəfərov gənclərdən xəbər tutmaqdan ötrü hüquq mühafizə qurumlarına müraciət etdiklərini bildirib.
 
Elşən Qasımovla Toğrul İsmayılov REAL hərəkatının sentyabrın 26-na təyin edilən referendumla bağlı təsis etdiyi “Respublikaçi Alternativ” Təşəbbüs Qrupunun səlahiyyətli nümayəndələridir.
 
Gənclərin saxlanması ilə bağlı deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
 
3 gün əvvəl, avqustun 12-də də REAL-in icra katibi Natiq Cəfərli məhkəmənin qərarı ilə 4 ay azadlıqdan məhrum edilib. O, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir. Bu ittihamlarla Natiq Cəfərli əmlakı müsadirə olunmaqla 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.
 
REAL hərəkatı ittihamları qəbul etmir. Natiq Cəfərlinin prezidentin göstərişi ilə həbs edildiyini bəyan edib.(azadliq.org)

Google+ WhatsApp ok.ru