Sərnişini sürücüyə “çevirib” 8 il azadlıqdan məhrum etdilər

Maddi maraq qanunu necə üstələdi..

“Müstəntiq dedi ki, qəzada hər 2 sürücü ölüb, onlardan nəsə almağım mümkün deyil, ona görə də sənin oğlundan almalıyam” - Qazax rayon sakini Hüseyn Mehdiyev belə deyir. Redaksiyamıza müraciət edən şikayətçinin sözlərinə görə, 2011-ci il noyabrın 27-də Qazaxın Sınıq körpü istiqamətində yol qəzası baş verib.
 
Qazaxda “Akkord” şirkətnin sement zavodunda prorab işləyən Kənan Mənsimovun idarə etdiyi “Mersedes” markalı maşın yüksək sürətlə yolun kənarında dayanan “VAZ-2106" markalı maşının ön sağ hissəsinə çırpılıb: ”Saatda 170 kilometr sürətlə hərəkət edən “Mersedes”in sürücüsü Kənan Mənsimov və digər avtomobilin sürücüsü və sahibi Kənan Yusifov qəza zamanı dünyalarını dəyişiblər".
 
H.Mehdiyev deyir ki, qəza zamanı Kənan Yusifova məxsus “VAZ-2106" markalı maşında onun oğlu Elnur Mehdiyev də olub: ”Oğlum qabaq sağ oturacaqda olub. Sağ budu və çənəsi sınıb. Komaya düşüb. İşi Baş Dövlət Yol Polisi İdarəsinin müstəntiqi Azər Hüseynov araşdırdı. Dedi ki, qəza zamanı hər 2 sürücü ölüb. Oğlun qəza zamanı baqajda da oturmuş olsa, onu sürücü kimi “oformit” edəcəyəm. Səbəbini soruşdum, dedi ki, sağ qalan oğlundur, o birilərdən heç nə ala bilməz. Oğlum komadan ayılandan sonra ona ittiham verildi. Guya qəza zamanı sükan arxasında oğlum olub, maşının hərəkət istiqamətini də səhv yazdı. Maşın əslində Qazax Sınıq körpü istiqamətində olub. Müstəntiq bunu tərs yazmaqla oğlumu sürücüyə “çevirdi”.
 
Nəqliyyat vasitəsinin hərəkətdə olub-olmamasını da müəyyən edə bilmədiyini yazdı. Meyitlərin heç birinin daxili müayinəsi keçirilməmişdi. Sonradan müstəntiq bundan da öz çirkin niyyəti üçün istifadə etdi. Kənan Yusifovun valideynləri qəza zamanı övladlarının sükan arxasında olması haqda izahat vermişdilər. Müstəntiq oğlumu istintaqa cəlb edib işi məhkəməyə göndərəndə biz Kənan Yusifovun meyitinin ekshumasiya olunmasını tələb etdik.
 
Bunu ona görə tələb edirdik ki, qəza zamanı onun sinəsinə batmış sükan oxunun açdığı dəliyi ekspertiza təsdiqləsin. Müstəntiq Kənanın ailə üzvlərinə deyib ki, biz meyitin çıxarılaraq ekspertiza olunmasını tələb edirik. Onlara deyib ki, əgər izahatınızı dəyişib yazsaz ki, oğlunuz sükan arxasında olmayıb, belədə oğlunuzun meyitinin müayinəsinə elə də ciddi əsas qalmır. Beləcə müstəntiqin təhriki ilə Kənanın ailə üzvləri izahatlarını dəyişdilər. Bizim meyitin ekshumasiya olunaraq müayinə olunması ilə bağlı vəsatətimiz 2 dəfə təmin olundu. Amma müstəntiqin qərəzi, K.Yusifovun yaxınlarına etdiyi təsir nəticəsində meyit qəbirdən çıxarılıb müayinə olunmadı".
 
H.Mehdiyevin sözlərinə görə, iş Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılarkən meyitin müayinə olunmasına dair vəsatətlərin icrası üçün baş prokurorun 1-ci müavini Rüstəm Usubov qərar verib: “Hətta bundan sonra da meyitin müayinəsinə icazə vermədilər. Oğlumun günahı qəza zamanı Kənan Yusifovun maşınında olmasıdır. Bunu şahidlər deyir. Qəzadan sonra hadisə yerinə gələn, oğlumu maşından çıxaran Cəlal Musayev ifadə verib dedi ki, oğlum qəza zamanı sükan arxasında olmayıb. Kənan Yusifovun anası da hakimin sualına cavab verəndə dedi ki, oğlumla Kənan evdən çıxanda maşını Kənan Yusifov idarə edib. Onun bibisi Şirin Yusifova və Anar Mollayev dedilər ki, maşını Kənan Yusifov sürüb. Öz evlərindən əmisi gilə olan 3 kilometrlik məsafəni də Kənanın idarə etdiyini dedilər. Nə xeyri, axırda oğlumu tutdular. Hakim ekspert rəyinə istinad edib ona 8 il cəza verdi. Həmin rəyi müstəntiq ekspertlə razılaşaraq yazıb. Mərhum Kənan Yusifovun bədəni üzərində olan xəsarətləri gizlədib, oğlumun xəsarətlərini sükan arxasında olan kimi göstərib. Müstəntiq bu cür saxtakarlıqlar etməklə işi məhkəməyə yollayıb. Gəncə Apelyasiya Məhkəməsinin hakimi Rəşid Məhərrəmli Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elbəyi Allahverdiyevin oğlum barəsində çıxardığı 8 illik azadlıqdan məhrumetmə haqda hökmü heç bir araşdırma aparmadan qüvvədə saxladı”.
Şikayətçinin dediyinə görə, iş hazırda Ali Məhkəmədədir: “Möhtərəm cənab prezidentdən, Ali Məhkəmə sədrindən, ədliyyə nazirindən, baş prokurordan israrla xahiş edirəm ki, oğlumun işinə ədalətlə baxılmasına göstəriş versinlər”.
 
İş izrə E.Mehdiyevin vəkili 2014-cü ilin mayında Ali Məhkəməyə kasasiya şikayəti verib. Şikayətə oktyabrın 29-da baxılacaq.  musavat /
 

Google+ WhatsApp ok.ru