İsa Qəmbər və Arif Hacılı prokurorluqda dindirilmə səbəblərini açıqladı

İsa Qəmbər və Arif Hacılı prokurorluqda dindirilmə səbəblərini açıqladı

Bu gün, fevralın 27-si Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər və bu partiyanın hazırkı başqanı Arif Hacılı da prokurorluqda dindirilib.
 
İsa Qəmbər saat 12.30 radələrində prokurorluqdan çıxıb. O, jurnalistlərə dindirilməsi ilə bağlı bunları deyib: "Əgər, prokurorluqda dedikləri kimi, saxta sənədləri hazırlayanları ifşa edəcəklərsə, çox gözəl. Amma bəzi sualların qoyuluşundan, bəzi yanaşmalardan hiss olunur ki, məsələnin mahiyyətini qoyub Müsavat Partiyasına müəyyən təzyiqlər etmək istəyirlər. Görünür, hakimiyyət Müsavat Partiyasının ölkədə və dünyada fəallaşmasından narahat olub".
 
İsa Qəmbər deyib ki, hər şeyi zaman göstərəcək: "Suallar elədir ki, onun ardınca saxta sənədləri verənlərin ifşası da mümkündür, Müsavata təzyiqlər də. Hansı olacaq, bunu zaman göstərəcək".
 
İsa Qəmbərin deməsinə görə, dindirilmə protokolunda tərcümeyi-halına aid qeyd edilib ki, o, 1988-ci ildən siyasətlə məşğuldur: "Mən müstəntiqə də dedim. 88-ci ildən ifadə verirəm. Yəni, heç bir problemi yoxdur".
 
 
A.Hacılı: "Bu, Müsavat Partiyasına təzyiqdir"
 
Müsavat Partiyasının başqanı Arif Hacılı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilməsini onlara təzyiq kimi dəyərləndirir: "Partiyanın keçmiş və indiki rəhbərliyini bu dindirməyə cəlb etməklə bu təzyiqləri cəmiyyətə nümayiş etdirirlər".
 
A.Hacılı hesab edir ki, təzyiqlərə bu il fevralın 18-i Almaniyada keçirilən aksiya səbəb olub. O, qeyd edib ki, dindirmədə konkret kimlərin necə mühacir statusu alması və bu kimi sualları cavablandırıb.
 
Partiya rəhbəri bu dindirmələrin həm də vətəndaş fəallığına yönəldiyini bildirib.
 
Fevralın 25-də isə Müsavat Partiyası Mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı prokurorluqda ifadə vermişdi.
 
"Prokurorluq iddia edir ki, kimlərsə saxta sənədlərlə mühacir statusu alır və buna görə Müsavat Partiyasını da təqsirləndirmək istəyirlər", - ifadə verdikdən sonra o, qeyd etmişdi.
 
Gülağa Aslanlı deyirdi ki, dindirilməsi prokurorluqda "saxta sənədlərlə mühacir statusu almaq istəyənlərin işi" adlanan məsələ ilə bağlıdır: "Biz hələ 2015-ci ildə bu məsələ qaldırılanda, bizə qarşı ittihamlar olanda, məhkəməyə müraciət etdik və məhkəmə də bizim xeyrimizə qərar çıxardı. Amma buna baxmayaraq, prokurorluq bu işi davam etdirir".
 
Müsavat Avropa Koordinasiya Mərkəzi bu il fevralın 18-də Almaniyada "Siyasi məhbuslara azadlıq!" şüarı ilə aksiya keçirib.
 
Müsavat rəhbərliyinin prokurorluğa çağırılmasını bununla izah edənlər var.
 
Ancaq Müsavat rəhbərliyi bildirib ki, bu qurum müstəqil fəaliyyət göstərir.
 
Müsavat Avropa Koordinasiya Mərkəzi 2015-ci ildə Almaniyada təsis edilib və 2016-cı ildə qeydiyyata alınıb. (azadlıqradiosu) /

Google+ WhatsApp ok.ru