İstilik təminatındakı problemlərin mənbəyi

İstilik təminatındakı problemlərin mənbəyi

“Sfera.az”da isə “Kimə şikayət edirsiniz, edin” deyən xırda məmur böyük problem yaradır” sərlövhəli məqalə diqqəti çəkir.
 
Müəllif paytaxtda mənzillərin istilik təminatında ciddi nöqsanların olmasının səbəblərini araşdırır.
 
Müəllifin deməsinə görə, paytaxtda mənzillərin istiliklə təminatında ciddi nöqsanlar var.
 
Üstəlik, müəllif əlavə edir ki, qışa hazırlıqla bağlı yaydan verilən nikbin açıqlamaların əksinə olaraq qış aylarında müşahidə edilən çatışmazlıqlar havaların soyuduğu bu günlərdə özünü daha qabarıq şəkildə göstərir.
 
Müəllif Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 36 ünvanında yaşayan bir qrup sakinin redaksiyaya müraciətinə istinadən bildirir ki, Yasamal sakinləri durumun həddən artıq acınacaqlı olduğunu iddia edirlər.
 
Müəllif deyir ki, sakinlərin sözlərinə görə, durumları olduqca acınacaqlıdır və evlərinin içində soyuqdan donurlar.
 
“Havaların kəskin soyumasına baxmayaraq, mənzillərin istiliklə təzhicatında irəliləyiş yoxdur. Sanki elə bu cür də olmalıdır. Mənzillərimizi istiliklə təmin etməyə borclu olan “Azəristiliktəchizat” ASC-nin Bakının Yasamal rayonundakı 8 saylı İstilik Sistemlərinin İstismar Sahəsinin 206 saylı istilik qazanxanasına etdiyimiz şikayətlərin isə heç bir faydası yoxdur”.
 
Müəllif sakinlərə istinadən bildirir ki, adıçəkilən qazanxana rəhbərliyi  nəinki problemləri həll etmək, heç sakinləri dinləmək istəmir, elə bircə söz əzbərləyib ki, “məndən asılı deyil, hara şikayət edirsinizsə edin”.
 
Məqalə müəllifi vurğulayır ki, bu, “Azəristiliktəchizat” ASC-nin Bakının Yasamal rayonundakı 8 saylı İstilik Sistemlərinin İstismar Sahəsindən olan yeganə şikayət faktı deyil.
 
Müəllifə görə, demək olar ki, hər ilin qış aylarında bu qurumun adı mətbuatda mənfi mənada müntəzəm olaraq hallandırılır.
 
“Maraqlıdır, görəsən, qışın “oğlan çağında” sakinləri soyuqdan dondurmaqda maraqlı olan qurum bununla nə etmək istəyir? Yəni, bu qurum rəhbərləri o qədərmi xəbərsizdir ki, ölkə boyunca aparılan kadr islahatlarından, yerində olmayan məmurların sərt şəkildə cəzalandırılmasını da bilmir?” , -müəllif bildirir.
 
Son olaraq isə müəllif ümidini itirməyərək inanmaq istəyir ki, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 36 ünvanının istilik problemi yaxın zamanlarda müsbət həllini tapacaq.
 

Google+ WhatsApp ok.ru