Vətəndaşların Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi qarşısında aksiyası

Vətəndaşların Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi qarşısında aksiyası

Avqustun 21-də bir qrup vətəndaş Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin binası qarşısında yığışıb. Onlar “Əzizbəy KM” MMC tikinti şirkəti tərəfindən aldadılmalarından şikayət ediblər.
 
2014-2016-cı illərdə onlar 30-40 min manat ödəyərək, tikilməkdə olan binadan mənzillər alıblar. Amma mənzillər eyni zamanda bir neçə alıcıya satılıb. Hətta şirkətə qarşı təhqiqat başladıqdan sonra belə şirkət mənzil satmağa davam edib.
 
Aldadılmış vətəndaşlar firmanın yüksək vəzifəli himayəçiləri olduğunu hesab edirlər. “Biz, 30 ailə, zərərçəkmiş insanlarıq, dəfələrlə Prezident Administrasiyasına müraciət etmişik, bir il əvvəl Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə məktub yazmışıq, lakin məktubumuza cavab verməyiblər.
 
Konstitusiyada yazılıb ki, əgər vətəndaş vəzifəli şəxs tərəfindən aldadılıbsa, ona dəymiş zərər dövlət tərəfindən qarşılanır. Lakin bizə iki həftə əvvəl burada dedilər ki, bu, onlara aid deyil və kömək edə bilməyəcəklər.
 
Biz indi rəsmi qaydada verdiyimiz həmin məktuba rəsmi cavab almaq istəyirik. Bizim bir əlacımız qalır ki, gedək səfirliklərin birinə, sığınacaq istəyək”, deyə aksiya iştirakçılarından biri bildirib.
 
Bundan sonra etirazçılardan ibarət qrupu idarədə qəbul ediblər və bildiriblər ki, prokurorluq bununla məşğul olmayacaq. “Bizə deyiblər ki, çıxarışı olmayan binadan niyə mənzil alırdınız? Amma bu təcrübə Bakının hər yerində var, bunda vətəndaşların nə günahı var? Bu, qanunsuzdursa, hakimiyyət niyə buna icazə verir?”, deyə başqa bir aksiya iştirakçısı bildirib. Aksiya insidentsiz başa çatıb.
 
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə vətəndaşlara dəyən zərəri kimin ödəyəcəyi barədə suala cavab verməkdən imtina edib.
 
“Əgər istintaq zamanı müstəntiqlər təqsirləndirilən şəxslərə dəymiş ziyanı ödətdirə bilirlərsə, o ödənilir. Onu heç kim birmənalı deyə bilməz ki, bu pullar hamısı qaytarılacaq, ya qaytarılmayacaq. Bu, tutulan şəxslərin maddi vəziyyətindən, ödəmə qabiliyyətindən də asılıdır. İstintaq orqanı əlindən gələni edir ki, ödəmələr vətəndaşların xeyrinə edilsin”, deyə Səlimzadə bildirib. /turan /

Google+ WhatsApp ok.ru