Vergi borcuna görə həbslər başlayıb

Vergilər Nazirliyi Ədliyyə Nazirliyi ilə ilk dəfə dövlət büdcəsinə borcunu vaxtında ödəməyən vergi ödəyicilərinə qarşı kəskin inzibati tədbirlərə əl  atıb.
 
Vergilər Nazirliyi hesab edir ki, bu tədbirlərin tətbiqi vergi ödəyicilərində məsuliyyət hissinin artırılmasına və onların gələcəkdə vergi qanunvericiliyini pozmaqdan çəkinmələrinə səbəb olacaq.
 
Maide.az xəbər verir ki, Vergilər Nazirliyinin analitik-informasiya şöbəsinin məlumatına görə, dövlət büdcəsinə yaranmış borc məbləğlərini vaxtında ödəmədiklərinə görə Binəqədi rayon Məhkəməsinin 9 oktyabr tarixli qərarları ilə vergi ödəyiciləri Ağayev Habil 5 gün, Əsgərov Rövşən 3 gün müddətində inzibati qaydada həbs olunub.
 
İnzibati Xətalar Məcəlləsinin 313-1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslərə işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq oluna bilər.
 
Xatırladaq ki, bu yaxınlarda Vergilər Nazirliyinin məcburi vergi yığımı üzrə yerli strukturları Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə tabe edilib. Vergilərin vaxtında ödənilməməsi və qanunla müəyyən edilən vaxtda vergidən yayınma vergi cinayəti kimi qəbul edilə bilər.
 
Bu il iqtisadi durğunluqla bağlı vergi xidməti vergi yığımı üzrə proqnozun icrasında çətinlik çəkir. İlin əvvəlindən yığılmayan vergilərin həcmi 200 mln manatdan çoxdur.

Google+ WhatsApp ok.ru