Vidadi Mirkamal: “Hakimiyyət mayın 28-də qatı düşmən bildiyi şəxsləri azad etməyəcək”

Mayın 20-də Milli Məclisdə müzakirə ediləcək mövzulardan biri də amnistiya akti ilə bağlıdır vә ictimaiyyətin gözü amnsitiya aktına düşəcək şəxslərin siyahısındadır. Belə ki, mart ayında verilən əfv sərəncamında 14 nəfər siyasi məhbus azad edildi. Amnsitiya aktında da siyasi məhbusların azad ediləcəyi ilə bağlı ümidlər var. Amma ekspertlərin fikrincə bu dəfə ümidlər o qədər də yüksək deyil.
 
Vəkil Vidadi Mirkamal Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, amnistiya aktının reallaşması özü-özlüyündə çox sevindirici bir haldır: “Ölkə həbsxanalarında xeyli dərəcədə günahsız yerə cəza çəkən siyasi məhbuslar və sıravi insanlar var. Bizi də maraqlandıran məhz həmin şəxslərin azad olunmasıdır. Eyni zamanda, elə şəxslər də var ki, onların cəzaları etdikləri cinayətlərin xarakterindən qat-qat ağırdır. Bu cür şəxslərin azad edilməsi xoşagələn bir haldır. Amma amnistiyanın siyasi məhbuslara aidiyyatı çox az olacaq. Çünki, hakimiyyətin həmin məhbuslarla bağlı məxsusi siyasəti var. Hətta bəzi məhbuslar haqqında Avropa Məhkəməsinin tapşırıqları, tövsiyələri var. Hakimiyyət bu vaxta qədər o tövsiyələrin heç birinə riayət etməyib. Amnistiya ilə bağlı KİV-lərdə çap edilən materiallarda dəqiq maddələr göstərilməyib. Ola bilsin ki, dəqiq maddələr qeyd edilərkən gözlənilən şəxslərin maddələri ilə bağlı müəyyən məhdudiyyətlər olsun. İndiyə qədər olan amnistiyalarda da siyasi və vicdan məhbusları ilə bağlı müəyyən məhdudedici tədbirlər olub. Düşünürəm ki, bu dəfə də istisna olmayacaq. Hakimiyyət, özünә qatı düşmən bildiyi şəxsləri azad etməyəcək”.
 

Google+ WhatsApp ok.ru