Xədicə İsmayıla qarşı yeni ittihamlar: ona 12 ilədək həbs verilə bilər

Ötən il dekabrın 5-də həbs olunmuş jurnalist Xədicə İsmayıla qarşı yeni ittihamlar irəli sürülüb.
 
Bu barədə "Turan"a onun vəkili Fariz Namazlı bildirib. Onun sözlərinə görə, jurnalistə qarşı CM-in 179.3.2 (mənimsəmə və israf etmə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən istifadə etməklə) maddələri ilə ittham irəli sürülüb.
 
İttihamlar “Azadlıq” radiosunun fəaliyyəti haqqında 15 yanvar, 2015-ci il tarixli vergi aktı əsasında irəli sürülüb.
 
Vəkilin sözlərinə görə, sözügedən ittihamlar üzrə X.İsmayılı 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
 
Baş Prokurorluq Xədicə İsmayıla yeni ittihamlar elan olunmasına aydınlıq gətirib.
 
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, Xədicə İsmayıla qarşı irəli sürülən ittihamlar Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi ilə bağlıdır. İctimaiyyətə əlavə məlumat veriləcək.
 
Yeri gəlmişkən, İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçiriblər.
 
Maide.az saytı Ombudsman Aparatının mətbuat xidmətinə istinadən bildirir ki, başçəkmə zamanı Ombudsmanın nümayəndələri həmin müəssisədə 20-dək saxlanılan şəxslə, o cümlədən İntiqam Əliyev, Xədicə İsmayıl, Rasim Əlizadə, Asif Yusifli ilə görüşüb, həmin şəxslərə qarşı rəftar və saxlanma şəraiti ilə bağlı vəziyyəti öyrəniblər.
 
Bu şəxslər bir qayda olaraq, saxlanma şəraiti və rəftarla bağlı şikayətlərinin olmadığını bildiriblər, iki təqsirləndirilən şəxsin şəraitlə bağlı qaldırdığı məsələ müəssisə rəhbərliyi ilə müzakirə olunub, müvafiq tövsiyələr verilib.

Google+ WhatsApp ok.ru