Xəstəxana: ‘Navalny-ni tərpətmək olmaz’

Xəstəxana: ‘Navalny-ni tərpətmək olmaz’

Rusiyalı həkimlər Kremlin tənqidçisi Aleksei Navalny-nin Sibirdəki xəstəxanadan çıxarmağın mümkün olmadığını deyirlər, çünki vəziyyəti sabit deyil. Bunu siyasətçinin sözçüsü deyir.
 
Kira Yarmysh bu haqda avqustun 21-də tvitində yazıb. Navalny-nin şübhəli zəhərlənmədən müalicə aldığı Omsk xəstəxanasının baş həkimi deyib ki, “Navalny-ni aparmaq olmaz. Vəziyyəti sabit deyil”.
 
“Alexei-nin aparılmasına qadağa qoyulması onun həyatına birbaşa təhdiddir. Omskda xəstəxanada avadanlıqsız və diaqnozsuz qalmaq dəhşətlidir”, – Yarmysh yazıb.
 
Rusiya müxalifət lideri Aleksei Navalny-ni Sibirdə xəstəxanadan götürmək üçün Almaniyadan təcili yardım təyyarəsi yola salınıb.
 
Avqustun 21-də havaya qalxan təyyarə elə həmin gün də Berlinə qayıda bilər. Bunu “dpa” agentliyinə prodüser və insan haqları fəalı Jaka Bizilj deyib. Onun sözlərinə görə, Navalny-nin Rusiyadan çıxarılması üçün gərəkən sənədlər də hazırlanıb.
 
Təyyarədə həkim briqadası var və ambulansın xərcləri özəl şəkildə ödənilir, Bizilj söyləyib. Navalny Berlindəki Charite xəstəxanasında müalicə olunacaq.
 
Müxalifətçi bir gün öncə Moskvadan Tomska uçarkən təyyarədə özünü pis hiss edib. Təyyarə Omskda məcburi eniş edib və siyasətçi xəstəxanaya aparılıb. Tərəfdarları onun içdiyi çaydan zəhərləndiyini güman edirlər. Omsk xəstəxanasının həkimləri bu versiyanın da nəzərdən keçirildiyini, Navalny-nin həyatını xilas etməyə çalışdıqlarını deyiblər.
 
Prezident Vladimir Putinin açıq tənqidçisi olan Navalny daha öncə fiziki hücumlara məruz qalıb. O, seçkilərə buraxılmayıb, son illər bir neçə dəfə həbs olunub.
 
Ağ evin milli təhlükəsizlik müşaviri Robert O'Brien avqustun 20-də deyib ki, Kremlin tənqidçisini şübhəli zəhərlənməsi “qeyri-adi dərəcədə narahatlıq yaradır” və ABŞ-Rusiya münasibətlərinə təsir göstərə bilər.
 
“O, çox cəsarətli adamdır. Rusiya daxilində prezidentə qarşı dayanan cəsarətli siyasətçidir. Fikirlərimiz və dualarımız onunla və ailəsi ilədir”, – O'Brien “Fox News”a müsahibəsində deyib.
 
“Bu, həddən artıq narahatedicidir və əgər bunun arxasında rusiyalılar dayanıbsa… biz rusiyalılarla gələcək münasibətlərimizdə bu faktoru nəzərə alacağıq”, – o vurğulayıb. /azadliq.org  /
 

Google+ WhatsApp ok.ru