Yadigar Sadıqov və Nemət Pənahlının səhhəti pisləşib

Müsavat başqanının həbsdəki müavini Yadigar Sadıqov yanvarın 31-də səhhətinin pisləşməsi ilə əlaqədar Penitensiar Xidmətin tibb müəssisəsinə köçürülüb. Ürək xəstəliyindən əziyyət çəkən başqan müavininin sağlamlığında ciddi problemlər yaranıb.
 
Bu barədə musavat.com-a Yadigar Sadıqovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Elman Fəttah məlumat verib: “Yadigar bəylə bağlı son durum ürəkaçan deyil. Analizin nəticələrində məlum olub ki, Yadigar bəy bir müddət müalicə almalıdır. Tibb müəssisəsinə köçürüləndən danışmamışıq. Özü ilə danışandan sonra bu məsələ ilə bağlı münasibətimiz olacaq. Həbs müddəti istənilən halda onun səhhətinə ciddi təsir edir”.
 
Həbsdəki Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının də səhhəti ağırdır. Yanvarın 26-da ailəsi onunla görüşüb. Həyat yoldaşı Həcər Pənahlı görüş barədə bunları dedi: “Səhhəti get-gedə ağırlaşır. Özü dedi ki, elə ağrılarım var, sanki şikəstəm. Ürəyi onu daha çox narahat edir. 4 ildir onun səhhəti ilə əlaqədar müraciətlər edirəm. Mətbuata dəfələrlə demişəm. Amma nəticəsi yoxdur. Havasızlıqdan əziyyət çəkir”.
 
Müsavat başqanının həbsdəki daha bir müavini Fərəc Kərimli və Sirac Kərimli qardaşlarının məhkəmələri başlamaq üzrədir. Fevralın 5-də Ağır Cinayətlər Məhkəməsində Sirac Kərimlinin ilkin məhkəmə hazırlıq iclası keçiriləcək. Fərəc Kərimlinin  isə işi artıq məhkəməyə göndərilib. Müsavatçı qardaşların atası Raqif Kərimli məhkəməyə hazırlaşdıqlarını bildirdi.
 
Hüquq müdafiəçisi İntiqam Əliyevin fevralın 3-də növbəti məhkəmə prosesi keçiriləcək. Vəkil Elçin Sadıqov dedi ki, məhkəmədə sübutların tələb olunması ilə bağlı vəsatətləri olacaq.
“Ayna Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovla yanvarın 30-da vəkili Elmar Süleymanov təcridxanada görüşüb: “İşlə bağlı bir yenilik yoxdur. İstintaqın nəticələrini gözləyirik”.
 
Jurnalist Seymur Həzi yanvarın 29-da Abşeron rayon Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Jurnalistin atası Məşgül Həziyevin qərara münasibətini öyrəndik: “Oğlumla bağlı bütün proseslər qanunsuz şəkildə aparıldı. Göndərilmiş sifarişə uyğun iş oxundu. Bu ancaq siyasi sifarişdir. Qurulmuş bir ssenari idi. İndiyə qədər görüş verməyiblər. Ola bilsin ki, hökmə görə bundan sonra görüş versinlər”.
 
Həbsdəki daha bir jurnalist Pərviz Həşimli köçürüldüyü 13 saylı cəzaçəkmə müəssisəsində  vəkili Bəhruz Bayramovla görüşüb: “Müəssisə rəhbərliyi və işçilərindən heç bir narazılığı yoxdur. Amma saxlandığı müəssisənin uzaq olması ailəsinin onunla görüşünə mane olur. Bununla bağlı hökm oxunmamışdan əvvəl Pərviz Həşimli aidiyyatı orqanlara müraciət edərək, münasib müəssisəyə köçürülməsini xahiş etmişdi. Amma təəssüf ki, əksi oldu. Ora gedib-gəlmək çox çətindir. O, həbsini qanunsuz sayır. Ali Məhkəmə, sonra da Avropa Məhkəməsinə müraciət edəcəyik. Əfvə düşəcəyi ilə bağlı ümidləri çox azdır”.

Google+ WhatsApp ok.ru