Yunusların işindən şikayət verilib-İlqar Məmmədov məhkəmədə iştirakdan imtina edir...

“Müddətin 5 il müəyyən edilməsi onları müalicəsiz qoyub”
 
Ötən ilin noyabr-dekabr aylarında azadlığa buraxılan hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusun işindən Ali Məhkəməyə müraciət edilib. Hazırda ev dustağı olan Yunusların səhhətləri ağırdır. Onlar ev şəraitində müalicə olunurlar.  Bu barədə “Yeni Müsavat”a Yunusların vəkili Elçin Sadıqov məlumat verdi:
“Ali Məhkəməyə Yunuslarla bağlı müraciət etmişik. Proses günü məlum deyil. Kassasiya şikayətimiz onlar barəsində olan cinayət işi ilə bağlıdır. Hələ ki nə vaxt baxılacağı bilinmir. Hazırda onlar ev şəraitində müalicə alırlar. Onların müalicəsi bu şəkildə mümkün olmur. Kassasiya şikayətimizdə bu barədə göstərmişik ki, sınaq müddətinin 5 il müəyyən edilməsi onları müalicəsiz qoyub. Hər gün həkim müayinəsindən keçirlər. Səhhətləri yaxşı deyil. Bu baxımdan mətbuata çıxa bilmirlər”.
 
****
 
“Ayna Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirova verilən hökmdən Apellyasiya Məhkəməsinə müraciətdən yarım ay keçməsinə baxmayaraq, hələ də proses günü bəlli deyil. Bu barədə jurnalistin vəkili Fuad Ağayev bunları dedi:
 
“Hələ ki proses günü bəlli deyil. Yubanmasının səbəbi müddətlə bağlıdır. Burada heç bir problem görmürəm”.
 
Vəkil hüquqlarını müdafiə etdiyi digər siyasi məhbus İlqar Məmmədovun bu ayın 25-də Şəki Apellyasiya Məhkəməsində keçiriləcək prosesinə də toxundu: “İlqar Məmmədov ayın 25-də keçiriləcək prosesdə iştirak etmək istəməməsi ilə bağlı ərizə göndərib.
 
Apellyasiya Məhkəməsində iştirak edib-etməmək əslində onun hüququdur. Bundan əvvəl Ali Məhkəmənin qəbul etdiyi qərar Avropa İnsan Haqları Məhkəməsinin, eləcə də, Avropa Şurasının Nazirlər Kabinetinin qəbul etdiyi 3 qərara da zidd idi.
 
Ali Məhkəmə birmənalı olaraq, İlqar Məmmədovla eyni ittiham üzrə təqsirləndirilən Tofiq Yaqublu barəsindəki iş üzrə icraata xitam verməli, onlar dərhal azad olunmalı idilər. Amma Ali Məhkəmə bir ilə yaxın verdiyimiz şikayətə baxılmanı ləngitdikdən sonra- halbuki bu məhkəmənin tarixində belə hal heç zaman olmayıb- çox qəribə qərar qəbul etdi. Kassasiya şikayətində qoymadığımız məsələləri önə çəkərək, şikayətimizi qismən təmin etdi. Bu işdə Şəki Apellyasiya Məhkəməsi özünü bir dəfə göstərib. İndi yenidən iş həmin məhkəməyə qaytarılıb. Bu məhkəmədən ədalətli qərar gözləmək sadəlövhlük olardı”.F.Ağayev “REAL” sədrinin məhkəmədə iştirak etməkdən imtinasının səbəblərini də açıqladı: “Burada müxtəlif səbəblər var. Sadəcə iştirak etmək istəmir. Hüququndan istifadə edir.
 
Bir həbsxanadan digərinə köçürülən zaman məhbusun bir müddət yaxınları və vəkilləri ilə görüşü mümkün olmur. İndiyə qədər dəfələrlə İlqar Məmmədov həbsxanada ona qarşı olan rəftardan şikayətlənib. Penitensiar Xidmət qanunsuz bir qərar tətbiq edir. Vəkil hüquqlarını müdafiə etdiyi şəxslə görüşmək üçün razılıq məktubu almalıdır. Məhbus bir yerdən başqa yerə köçürüldükdə, Penitensiar Xidmət vəkildən görüş üçün razılıq məktubu tələb edir. Bu qanunlara tamamilə ziddir.
 
Nəticədə həbsxanada olan məhbuslarla pis rəftara şərait yaranır”.
 
*****
 
Ombudsman Aparatının nümayəndələri 13 saylı cəzaçəkmə müəssisində Müsavat başqanının müavini Fərəc Kərimli ilə görüşüblər. Bu barədə gənc məhbusun atası Raqif Kərimli məlumat verdi: “Fərəclə telefonla danışdıq. Vəziyyəti yaxşıdır. Ombudsmandan yanına nümayəndələr gediblər. Bəzi problemlərini onların diqqətinə çatdırıb. Müəssisədə olan problemlər həll olunub. Siracın vəziyyəti yaxşıdır. Bizim üçün yeganə problem Fərəc və Siracın ayrı-ayrı cəzaçəkmə müəssisəsində saxlanılmalarıdır. İki yerə getmək hər cəhətdən çətindir”.
 
****
 
NİDA-çı gənc Ömər Məmmədovun atası Əlyar Məmmədov oğlu ilə görüşündən danışdı: “Müəssisədə Ömərlə görüşdük. Vəziyyəti yaxşı idi. Bir az xəstələnmişdi. O da keçib getdi. Ömər problemlərini deyən insan deyil”.  musavat /

Google+ WhatsApp ok.ru