160 min azərbaycanlını Gürcüstana aparan səbəb

Nə yaxşı ki, statistik rəqəmlər var. Hakimiyyət həqiqəti yazanları, yalana etiraz edənləri şərləyəndə, haqsız çıxaranda dərhal statistik rəqəmələri ortaya qoymaq mümkün olur. Dəfələrlə qeyd olunub ki, qonşu Gürcüstan dövləti bütün parametrlər üzrə Azərbaycanı üstələyib. Korrupsiyaya qarşı mübarizədən tutmuş, turizm inkişafına qədər bu ölkə xeyli effektli yol keçib.
O da sirr deyil ki, Gürcüstanın büdcəsi Azərbaycanın neftsiz büdcəsindən çoxdur. Həqiqətən də acınacaqlı bir reallıqdı. Ərazisi, əhalisi, təbii sərvətləri, potensialı Azərbaycandan qat-qat az olan Gürcüstan Azərbaycanı kölgədə qoyub. Hakimiyyət uğurlu və sürətli inkişafdan danışsa da ümumi mənzərə başqa həqiqətləri diktə edir. Belə ki, Gürcüstan Daxili Işlər Nazirliyi ölkəyə iyul ayında səfər edən xarici ölkə vətəndaşları ilə bağlı statistika dərc edib. Qurumun yaydığı məlumata görə, iyul ayında Gürcüstana 160 min 285 Azərbaycan vətəndaşı səfər edib. Bu göstərici ilə vətəndaşlarımız Gürcüstana gedən əcnəbilər arasında 2-ci yerdədir. Gürcüstana ən çox səfər edənlər Ermənistan vətəndaşlarıdır (180 min 99 nəfər). Iyulda 152 min 178 nəfər vətəndaşı Gürcüstana gedən Türkiyə isə 3-cüdür. Maraqlıdır ki, Gürcüstanın gərgin münasibətlərdə olduğu Rusiya turistləri də ölkəyə aktiv şəkildə istirahətə gəlirlər. Iyul ayı ərzində 140 min 390 rusiyalı 2 ölkənin sərhəddini keçib. Ümumiyyətlə isə, iyul ayı ərzində Gürcüstana 737 min 696 nəfər əcnəbi ölkə vətəndaşı səfər edib.
Göründüyü kimi, Gürcüstan başqa ölkələr üçün də arzuolunan məkana çevrilib. Təbii ki, ölkədə korrupsiya, məmur özbaşınalığı, qeyri-şəffaflıq, bahalıq hökm sürsəydi, bu qədər turist Gürcüstana üz tutmazdı.
 
Amma azərbaycanlıların bu siyahıya öncüllük etməsi daha maraqlıdır. Heç kimə sirr deyil ki, Azərbaycan vətəndaşları əsasən müalicə və müayinə üçün bu ölkəni seçirlər. Amma 10 minlərlə vətəndaşımız həm də ucuz və keyfiyyətli istirahət üçün Gürcüstana üz tuturlar. Bəli, həm sağlamlıq əldə etmək istəyənlər, həm də vaxtını mənalı keçirmək qərarına gələnlər Gürcüstanı seçir.
Əgər bu ölkədə həqiqətən də analoqsuz inkişaf varsa, bütün dünya Azərbaycana paxıllıq edirsə, niyə ölkə vətəndaşları kütləvi surətdə Gürcüstana üz tutur? Axı Azərbaycanın da gözəl təbiəti, istirahət guşələri, diaqnostika mərkəzləri, dəbdəbəli poliklinikaları var...
Deməli, məsələ hansısa məkanın lentini kəsmək deyil. Əsas məsələ neqativ tendensiyaların kökünü kəsməkdi. Vətəndaş ona görə Gürcüstana üz tutur ki, təmirli poliklinikaların, müasir diaqnostika mərkəzlərinin içində səhiyyə yoxdur, ona görə ki, turizm mərkəzləri fantastik qiymətlərə istirahət təklif edir.
Amma Gürcüstanda dərman preparatları 20 dəfə baha qiymətə satılmır, həkim xəstəyə yanlış diaqnoz qoymur, analizlər pulsuzdu, əməliyyat qiymətləri normaldı və hökumət vətəndaşa pul kimi baxmır. Eyni zamanda turizmlə məşğul olan sahibkarlara qeyri-rəsmi ödənişlər təklif edilmir, rəsmi vergilər kəllə-çarxa qalxmır və vətəndaşa istirahət üçün lazımi şərait yaradılır.
Təkcə 1 ayda 160 min Azərbaycan vətəndaşının Gürcüstana pənah aparması, ölkənin hansı vəziyyətə salındığının bariz nümunəsidir. Hansıki, bu illər ərzində Azərbaycanı dünyanın turizm mərkəzinə çevirmək olardı və turizmdən gələn gəlir milyardlarla ölçülə bilərdi.
Bizim hökumətimiz yalnız oğurlamağı, şərləməyi, “bizə paxıllıq edirlər” deməyi bacarır. Gürcüstan hökuməti isə real iş görür və nəticə göz qabağındadı. azadliq.info /

Google+ WhatsApp ok.ru