18 oktyabr - Müstəqilliyin Bərpası Günü

18 oktyabr - Müstəqilliyin Bərpası Günü

Bu gün - Oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü -  Müstəqilliyin Bərpası Günü qeyd olunur.
 
XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və Allahın bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.
 
Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.
 
Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi.
 
Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?"
 
 Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.
 
 1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəylinin, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.
 
 1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir.
 
 2006-cı ilin dekabrında Milli Məclisdə Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklərdən sonra isə 18 oktyabr - Dövlət Müstəqilliyi günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü bayram kimi saxlanılsa da, iş günü kimi qəbul olunub.
 
 Milli Məclisin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi “Müstəqillik Günü haqqında” qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib. Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) iş günü olan bayramdır.
 
Buna qədər Azərbaycanda 28 May - Respublika Günü, 18 Oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.
 

 

Google+ WhatsApp ok.ru