450 milyon dollarlıq zavod niyə bağlanıb?

Azərbaycan Metanol Şirkətinə (AZMECO) məxsus olan və Qaradağ rayonunda yerləşən Metanol Zavodunun fəaliyyətini dayandırdığı bildirilir. Şirkətin Ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fuad Hətəmov “Marja”ya məlumatı təsdiqləyib.
O, qeyd edib ki, zavod, SOCAR tərəfindən qaz təchizatının dayandırması ilə əlaqədar olaraq fəaliyyətini müvəqqəti dayandırıb.
Azərbaycan Beynəlxalq Bankı və Rusiyanın “Sberbank”ı metanol zavodunun maliyyələşdirilməsində iştirak ediblər. Zavod 450 milyon dollara tikilib.
AzMeCo şirkətinin Direktorlar Şurasının sədri Nizami Piriyevdir. 2009-cu ildə Böyük Britaniyanın “The Daily Telegraph” qəzeti Böyül Britaniyanın keçmiş baş naziri Toni Bleyerin Bakıya səfəri ilə bağlı dərc etdiyi yazıda Nizami Piriyevdən də geniş bəhs edilib. Qəzet Bleyerin səfərinin maliyyəçisi kimi Nizami Piriyevi göstərmişdi. Qəzet Nizami Piriyev barədə yazırdı ki, onun var-dövləti 250 milyon dollar məbləğində qiymətləndirilir. Nizami Piriyev biznes fəaliyyətinə Amerikada başlayıb, 1992-2002-ci illərdə ABŞ-ın “PNN Arkanzas” neft-qaz şirkətinin prezidenti olub, 2003-cü ildən isə Rusiyanın “StroyTransQaz-oil proqress” neft-qaz şirkətinə rəhbərlik edib. 2007-ci ilin oktyabrından Avropa Ticarət, Kommersiya və Sənaye Iqtisadi Palatasının Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edir.
Piriyevlərin Özbəkistan, Qırğızıstan və Əfqanıstanda neft və qaz zavodları, Qazaxıstanda 7 televiziya və radio kanalını, nəşriyyat evini birləşdirən media holdinqi, Özbəkistanda ayaqqabı istehsalı biznesi var. 51 yaşlı Nizami Piriyev Rusiyada “Qazprom”un bir hissəsi olan “StroyTransQazOilda” və başqa şirkətlərdə baş direktor işləyib, 2006-cı ildə isə oğlu Nəsiblə birlikdə Rusiyadan Azərbaycana qayıdaraq “AzMeCo” şirkətini yaradıb və Bakıda özünün əsas ideyası olan metanol zavodunu reallaşdırmaq qərarına gəlib. 
Piriyevlər metanol zavodundan başqa Qaradağ rayonu ərazisində daha 3 iri zavod tikməyi planlaşdırırdı.
Qeyd edək ki, AzMeCo zavodunda istehsal olunan metanolun əsas alıcısı qismində Böyük Britaniyanın BP şirkəti çıxış edirdi. 
Bir neçə min işçisi olan zavodun bağlanmasının ehtimal edilən səbəblərindən biri dolların məzənnəsinin qalxması ola bilər. Çünki Nizami Piriyevin bu zavodu tikib ərsəyə gətirməsi üçün ona lazım olan 450 milyon dollar krediti Rusiyanın Əmanət Bankı və Azərbaycanın Beynəlxalq Bankından götürmüşdü.azadliq/

Google+ WhatsApp ok.ru