“12 oktyabr mitinqi təkcə bir təşkilatın aksiyası deyil”

Müxalif Milli Şura oktyabrın 12-si Bakıda mitinq keçirməyi planlaşdırır. Aksiyanın tələbi repressiyaların dayandırılması və siyasi məhbusların azad edilməsidir. Milli Şuranın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Media forum” saytına bu barədə danışıb.

 
- Mitinq hazırlıqları necə gedir?

- Milli Şura oktyabrın 2-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Quruma daxil olan partiyaların və vətəndaş cəmiyyəti fəallarının aksiya istiqamətində hazırlıqları müntəzəm aparılır. Sosial şəbəkələrdə geniş təbliğat gedir. Çalışırıq ki, Azərbaycan vətəndaşları mitinqə dəstək versin. Əsas fəaliyyətimiz aksiyada geniş kütlənin iştirakını təmin etməyə yönəlib. Mətbuatla işləyirik.

- Aksiyanın təşkilat komitəsində kimlər var?

- Milli Şuranın mitinqinin təşkilatçısı kimi Bakı Şəhər İcra Hakimiyyətinə mən, hüquqşünas Namizəd Səfərov və Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev müraciət etmişik.

- Başqa siyasi qüvvələrə aksiyaya qatılmaq çağırışı olacaqmı?

- Azərbaycan ictimaiyyətinə bununla bağlı çağırış olub. Siyasi mənsubiyyətindən asılı olmayaraq siyasi repressiyalara etiraz edən, insanların siyasi motivlərlə həbs edilməsindən narahat olan hər bir şəxsin bu mitinqdə iştirakı arzu olunur. 12 oktyabr mitinqi təkcə bir təşkilatın, qurumun aksiyası deyil. Milli Şura yalnız təşkilatçı kimi çıxış edir. Mitinq Azərbaycan cəmiyyətini narahat edən məsələlərə həsr olunduğundan hər bir şəxs aksiyaya qoşula bilər.

- Bakı Şəhər İcra Hakimiyyəti istədiyiniz yerdə mitinq keçirməyə icazə verməsə, hansı addımları atacaqsınız?

- Biz aksiyanı Yasamaldakı “Məhsul” stadionunda keçirmək istəyirik. Hakimiyyətin qara piar kampaniyasında yer alan başqa bir partiya da eyni gündə, eyni yerdə aksiya keçirmək fikrindədir. Ona görə də Bakı Şəhər İcra Hakimiyyətinə aksiya ünvanı kimi “Dərnəgül” metro stansiyasının yaxınlığındakı meydan, “Təbriz” kinoteatrının qarşısındakı meydan və “Nərimanov” metro stansiyasının qarşısındakı meydan variantları da göndərilib. /

Google+ WhatsApp ok.ru