“Emin Hüseynovla avqusun 8-dən əlaqəmiz yoxdur, amma o məktub...”

RATİ-nin sədr müavini yaranan anlaşılmazlığa aydınlıq gətirdi; “Emin Hüseynovla avqusun 8-dən əlaqəmiz yoxdur, amma o məktub...”

Xəbər verdiyimiz kimi, oktyabrın 14-də Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədri Emin Hüseynova aid elektron ünvandan media nümayəndələrinə bəyanat yollanıb. Jurnalist Xədicə İsmayıla qarşı təzyiqlərə etiraz xarakterli bəyanatın şəxsən E.Hüseynova məxsus olması ilə bağlı yaranan ilkin təəssüratı isə RATİ-nin sədr müavini Günay İsmayılova günün sonunda pozdu və təkzib yayaraq bildirdi ki, bu sənədin E.Hüseynovla heç bir əlaqəsi yoxdur.

“Yeni Müsavat”a açıqlamasında G.İsmayılova yaranmış anlaşılmazlıq və E.Hüseynovun harda olması ilə bağlı suallara aydınlıq gətirdi. Müsahibimiz öncə bildirdi ki, E.Hüseynov artıq RATİ-yə rəhbərlik etmir və avqustun 8-dən etibarən onun harda olması məlum deyil: “Ona görə də RATİ faktiki qalan heyəti ilə öz işini davam etdirir. O bəyanatla bağlı artıq düzəliş verilib. Çünki o ünvan qeydiyyatdan keçəndə Emin Hüseynovun adından keçib. O texniki səhv olub. Biz də onu unutmuşuq. Ona görə də məlum bəyanat Emin Hüseynovun adından yayılıb. Ondan sonra biz düzəliş verdik”.

Müsahibimizin sözlərinə görə, avqustun 8-dən etibarən E.Hüseynovun RATİ ilə əlaqəsi yoxdur. Onun başladığı layihələr isə iyul ayından etibarən dayandırılıb: “Heç bir layihə üzrə iş getmir. İyul ayından etibarən hamısı dayandırılıb. Bank hesablarına həbs qoyulub, maliyyə ala bilmirik. Biz sadəcə hər hansı bəyanat, xəbərləri könüllü şəkildə, öz təşəbbüsümüzlə edirik. 8 illik əziyyətimiz var. Ona görə də bu əziyyəti bir günün içində yox etməmək üçün könüllü əsaslarla işləyirik. Heç bir maliyyə ala bilmirik, sənədlər götürülüb. RATİ işçiləri öz fəaliyyətlərini könüllülük prinsipi əsasında davam etdirirlər. Daha dəqiq desək, iki nəfər işçinin könüllü əsaslarla fəaliyyəti ilə davam edir”.

E.Hüseynovun harda olması ilə bağlı suala cavabda isə G.İsmayılova dedi ki, onların bu barədə zərrə qədər də məlumatları yoxdur: “Amma ən azı onu bilirik ki, tutulmayıb. Tutulsaydı, bu barədə xəbər yayılardı. Amma hardadır, nə edir, məlumatımız yoxdur. Çünki Emin Hüseynovun vəkili,  nümayəndəsi deyiləm”./

Google+ WhatsApp ok.ru