“Sevil massivi”nin qurbanları noyabrın 14-də aksiya keçirəcəklər

MTK rəhbəri Hacı Aynurun həbsinə görə pulları batan vətəndaşlar Abşeron icra başçısı Zakir Fərəcovu onları aldatmaqda ittiham edir, rayon rəsmiləri isə pullar hissə-hissə qaytarılacaq deyir; “AAAF” MTK-nın da başı üzərində “qara buludlar” dolaşır
“Sevil massivi” MTK tərəfindən aldadılan payçılar etiraz aksiyalarına hazırlaşır. MMC rəhbəri Hacı Aynur Zeynalovun mənimsədiyi 68 milyonun qurbanları noyabrın 14-də piket keçirmək qərarı veriblər. Aldadılmış vətəndaşlar saat 12:00-da Abşeron Rayon İcra Hakimiyyəti qarşısında yığışaraq mənimsənilən pullarını geri tələb edəcəklər.
 
Sakinlərin sözlərinə görə, Abşeron rayon rəhbərliyi onları aldadır, get-gələ salır. Odur ki, mülkiyyət sahibləri piket keçirməyi qərarlaşdırıblar. Hazırda Abşeron Rayon İcra Hakimiyyətində pulların notarial qaydada qaytarılması üçün komissiya yaradılıb. 
Komissiyanın üzvü icra hakimiyyətinin Xırdalan şəhəri üzrə nümayəndəsi Fikrət Orucovdur. Payçılar deyirlər ki, F.Orucov hər kəsə fərqli vədlər verir, onları süründürür, get-gələ salır. Bu da zərərçəkmişləri narahat etməyə bilməz. Odur ki, noyabrın 14-də Abşeron RİH binası qarşısında aksiya keçiriləcək.
 
F.Orucov isə bununla bağlı bizimyol.az saytına deyib ki, vətəndaşların probleminin həll olunmasına çalışırlar. Onun sözlərinə görə, istintaq yekunlaşmadan, məhkəmə olmadan zərərçəkmişlərin vəsaiti icra hakimiyyəti və bələdiyyə hesabına ödənilir. F.Orucov bildirib ki, məqsəd narazı vətəndaşların problemini həll etməkdir. Ancaq zərərçəkmişlər Abşeron rayon rəhbərliyi tərəfindən aldadıldıqlarını qeyd edirlər və aksiyaya hazırlıq görürlər.
 
Ümumiyyətlə, “Sevil massivi” MTK rəhbərinin həbsindən sonra minlərlə ev, torpaq sahəsi alan insanların problemi həll edilməmiş qalır. Şirkətin faizsiz kredit təklifi müştərilərin şirkətlə müqavilə bağlamasında rol oynayıb. Nəticədə yüzlərlə insanın pulu batıb. 
 
Məsələn, zərərçəkən Ramiz Quliyev  deyib ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışlar verməsi “Sevil”in dövlət tərəfindən qəbul edilmiş yaşayış ərazisi olmasını sübut edir: “Son iki ayda ”Sevil"də işlər dayanıb. 250-yə yaxın tam və ya yarımçıq tikilmiş evlərin sahibləri, hələ bünövrəsi qoyulmamış binalarda mənzil almış vətəndaşlar çətin vəziyyətə düşüblər. Üç minə yaxın müştəri və onların ailə üzvləri, təxminən 9-10 min vətəndaş gərgin vəziyyətdədir". 
 
R.Quliyev deyib ki, torpaq sahəsinə görə Dövlət Reyestri Xidmətindən mülkiyyətçilərə verilən çıxarış pulla Hökməli bələdiyyəsi tərəfindən alınır: “Bu, müştərilərin qanuna əsaslanan mülkiyyət hüquqlarının, ümumilikdə isə ”Sevil" massivindəki həqiqətlərin gizlədilməsi məqsədini daşıyır. Çıxarışların alınması nəticəsində zərərçəkmişlər gələcəkdə öz hüquqlarını müdafiə edə bilməyəcək".
 
Zərərçəkən Azad Sultanzadə iddia edir ki, Hacı Aynur vətəndaşların 68 milyon manatını mənimsəyib. Pulunu ala bilməyən zərərçəkən Xədicə Əliyevanın sözlərinə görə, “Sevil” yeni yaşayış massivi dağılmayacaq: “Bu sözü bizə bir məmur dedi. Dedi ki, o massivin hər şəraiti var - kanalizasiya, su, işıq xətti və nəqliyyat yolu çəkilib. Odur ki, ora dağılmayacaq. Pullar vətəndaşlara qaytarılacaq və yenidən ”Sevil" yaşayış massivi satışa çıxarılacaq".
 
Payçılar qeyd edirlər ki, krediti tam başa çatmayan torpaqlarda tikinti aparılıb. İndi onlara görə ödənilən ilkin ödəniş və kreditlərin qaytarılacağı deyilsə də, tikintiyə sərf edilən vəsaitlə bağlı məsələ açıq qalır. Bir neçə nəfərə torpağa ödədiyi pul qaytarılıb, amma tikinti pulu qaytarılmayıb. Üstəlik də zərərçəkmişin sənədləri əlindən alınıb. Ümumilikdə sentyabr ayından pulların verilməsi dayandırılıb və izah edirlər ki, vəsait yoxdur. 
 
Ödənilən pulların “Sevil”in rəhbərliyinə aidiyyəti yoxdur. Bunu bələdiyyə sədri və icra başçısı ödəyib ki, narazılıq bir az səngisin. Çünki onların da bu məsələdə payı var. Komissiyanın üzvü, Hökməli bələdiyyəsinin memarı Akif Əhmədov isə deyib ki, mərhələli şəkildə zərərçəkmişlərin vəsaiti qaytarılacaq.
 
Qeyd edək ki, “Sevil” MTK rəhbərinin həbsini ilk olaraq “Yeni Müsavat”a yazmışdı. Daha sonra Baş Prokurorluq rəsmi məlumat yayaraq faktı təsdiqlədi. “Sevil Massivi” MTK rəhbərliyi vergidən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda ittiham edilib. 
Şirkətin təsisçisi Aynur Zeynalov  və həmin kooperativin direktoru Elçin İsmayılov həbs ediliblər. Hökməli kəndinin bələdiyyə sədri Mirnemət Mirsadiyev isə işindən azad olunub. Onu da deyək ki, son günlər analoji proses “AAAF” MTK ilə bağlı yaşanır. Xırdalanda yerləşən bu nəhəng tikinti şirkətinin də başı üzərində “qara buludlar” dolaşır. 
 
Həmçinin MTK-dan narazıların sayı durmadan artır. Bugünlərdə ayrı-ayrı mətbuat səhifələrində “AAAF” MTK-dan mənzil alan payçıların şikayətləri dərc olunub. Vətəndaşlar onlara vəd edilən vaxtda mənzillərin təhvil verilməməsindən gileylənirlər.
Üstəgəl, bugünlərdə şirkət rəhbəri Hacı Tofiq Heydərovun saxlanması xəbərləri yayılmışdı. Belə görünür ki, onun da vəziyyəti ürəkaçan deyil. 
 
Ümumilikdə isə Bakıda onlarla tikinti şirkətinin rəhbəri dələduzluğa görə həbs olunub, 5 mindən çox vətəndaşın pulu mənimsənilib. Bu sırada “GEN” MMC, “Mur-Ay”, “Oscar”, “Birlik”, “Kamran” və s. tikinti firmalarının adlarını çəkmək olar.  /

Google+ WhatsApp ok.ru