Əli Həsənov İranın Azərbaycandakı səfiri ilə görüşüb

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə görüşüb.
Komitədən Maide.az-a verilən məlumata görə, görüşdə əsasən İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin dəvəti əsasında ölkələr arasında humanitar sahədəki əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədi ilə Əli Həsənovun bu ilin noyabrın 23-27-də rəsmi Tehrana gerçəkləşən səfəri çərçivəsində qonşu ölkənin bir sıra rəsmiləri və beynəlxalq humanitar təşkilatlarının rəhbərləri ilə keçirdiyi səmərəli görüşlərin nəticəsi müzakirə olunub.
İranda keçirdiyi görüşlər barədə söhbət açan Əli Həsənov bildirib ki, qonşu ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, İran ilə Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi və kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii ilə keçirilən görüşlər xüsusilə əhəmiyyətli olub.
İran-Azərbaycan münasibətlərinə toxunan Ə.Həsənov qarşılıqlı əməkdaşlıq əlaqələrinin bütün sahələrdə inkişafından məmnunluğunu ifadə edərək bu əməkdaşlığın yalnız iqtisadi sahədə deyil, humanitar sahədə də genişləndirilməsinin vacibliyini önə çəkib, səfər proqramı çərçivəsində bu məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparıldığını bildirib.
Təmsil etdiyi ölkə barədə dediyi xoş sözlərə və səmimi qəbula görə minnətdarlığını bildirən Möhsün Pak Ayin bütün bunlardan məmnunluğunu ifadə edərək vurğulayıb ki, bu səfər zamanı keçirilən görüşlərdə müzakirə edilmiş əməkdaşlıq məsələləri üzərində artıq işlərə başlanılıb.
Görüşdə ifadə olunub ki, Ə.Həsənovun İrana səfəri zamanı aparılan danışıqlar hər iki dövlətin mənafeyinə xidmət edəcək, ölkələr arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafına müsbət təsir göstərəcək. /
 

 

Google+ WhatsApp ok.ru