Əmanətlərin faiz dərəcəsinin aşağı salınması nə vəd edir?

Kommersiya banklarının dollar əmanətləri ilə bağlı qəbul etdiyi son qərar, heç şübhəsiz, vətəndaşların ziyanına işləyəcək addımdır. Azərbaycanın kommersiya banklarının dollarda qəbul edilən əmanətlər üzrə faiz dərəcəsini kəskin aşağı salması əslində təsadüfi də qiymətləndirilməməlidir. Əhalinin dollar əmanətinə axınının qarşısını almaq üçün xarici valyutada, o cümlədən dollarda yerləşdirilən əmanətlər illik 2-8% dərəcəsi ilə qəbul edilir. Halbuki, bir müddət əvvəl banklar manat və dollar hesablı əmanətlərinin faiz dərəcələrini 14%-dək qaldırmışdılar.

Hazırda müddətindən asılı olaraq dollar hesablı əmanətləri Kapital Bank 2-6,5%-lə, AccessBank 3-5%-lə, Yapıkredi Bank Azərbaycan 2-5%-lə qəbul edir. Digər banklar da, xarici valyutada qəbul edilən əmanətlər üzrə faiz dərəcələrini aşağı salıblar.

Əslində bu addım növbəti dəfə əhalinin maraqlarına zərbədir. Əhali devalvasiya ilə bağlı olaraq və manatın ucuzlaşacağından ehtiyat edərək əmanətlərini dollarda yerləşdirməyə üstünlük verirdi. Mərkəzi Bankın məlumatına görə, banklardakı əmanətlərin 70%-i xarici valyutadadır. Banklar xarici valyutada cəlb etdikləri vəsaitləri xarici valyutada da yerləşdirməlidirlər. Lakin dollar ilə verilən kreditlərə maraq azaldığından banklar dollarda cəlb etdikləri əmanətləri kredit şəklində verməkdə çətinlik çəkirdilər. Indi dollar əmanətləri üzrə faiz dərəcələrinin azaldılması, manat əmanətlərinin isə yüksək faizlə qəbul edilməsi bankları rahatlaşdıra bilər.

Bu isə dollarla götürülən kreditlərlə olduğu kimi yenə əsas yükü vətəndaşların çiyninə qoyur. Ikinci bir tərəfdən, bu addımı ikinci devalvasiyaya hazırlıq tədbiri kimi də dəyərləndirmək olar.

İqtisadçı ekspert Qadir İbrahimli  "Azadlıq"a bildirib ki, Azərbaycanda onsuz da devalvasiya hər an gözlənilir. Hökumətin istənilən an bu addıma gedə biləcəyini deyən Q.Ibrahimli vurğuladı ki, dollarla olan əmanətlərin faiz dərəcələrinin azaldılması sırf devalvasiya ilə bağlı deyil: “Devalvasiyaya hazır olmaq lazımdır. Dollarla olan əmanətlərin faiz dərəcəsinin aşağı salınması isə iqtisadiyyatda manatı stimullaşdırmaqdır. Çünki devalvasiyadan sonra iqtisadiyyatda dollarlaşma meylləri artıb. Mərkəzi Bank da bu meylləri səngitmək üçün belə bir addım atır. Amma düşünmürəm ki, bu, gözlənilən nəticələrə gətirib çıxaracaq”.

İqtisadçı Samir Əliyev isə mövzu ilə bağlı “Facebook” səhifəsində status paylaşıb.

S.Əliyev bildirib ki, bankların bu addımı gözlənilirdi və baş verən proseslərin məntiqi nəticəsi sayılmalıdır: “Dollar üzrə əmanət faizlərinin aşağı düşməsi labüd idi. Çünki banklar hazırda dollar bolluğundan əziyyət çəkirlər. Yəni əllərində olan dollarları istifadə edə bilmirlər. Bir tərəfdən xaricdən cəlb edilən resurslar, digər tərəfdən əmanətlərin son vaxtlar sürətli dollarlaşması banklarda dollar resurslarını kəskin artırıb. Xüsusən də banklara dollar axınının artması fonunda dollar kreditlərinə tələbatın azalması dünya valyutasını az qala bankların ”baş ağrısı"na çevirib. Əhalidən dollar ifadəsində cəlb etdiyi əmanəti banklar kredit olaraq iqtisadiyyata yönəldə bilmirlər. Həm əhali, həm də sahibkarlar dollar krediti almaqda maraqlı deyillər. Onların üstünlük verdikləri manat isə banklarda yoxdur. Həmişə əmanətlərdən daxil olan milli valyuta isə son vaxtlar kəskin azalıb. Xeyli vaxtdır əmanətlərin “yaşıllaşması” prosesi gedir". S.Əliyevin sözlərinə görə, təsadüfi deyil ki, ilin ilk dörd ayında milli valyuta üzrə əmanət qoyuluşu 4,4 milyardan 2,3 milyard manata, əmanət qoyuluşunda payı isə 62%-dən 29%-ə düşüb. Faktiki olaraq banklar təkcə əmanətlərdə 2 milyard manat həcmində milli pul itiriblər: “Digər tərəfdən, Mərkəzi Bank manatın sabitliyini qorumaq tədbirləri çərçivəsində valyuta ehtiyatının müəyyən hissəsini bazara yönəldərək bazardan 4 milyarddan çox manat yığıb. Bunun nəticəsidir ki, pul bazası yanvar-may aylarında 11.5 milyardan 7,6 milyarda qədər azalıb. Həmin vəsaitlər banklar vasitəsilə iqtisadiyyata yönəldilməli olduğu halda hələ ki Mərkəzi Bankın sərəncamında qalmaqdadır.

Belə vəziyyətdə banklara nə Mərkəzi Bankdan, nə də əmanət şəklində manat daxil olur. Manatsız qalan banklar əmanətçilərə üz tuturlar. Buna görə də banklar əhalini manatla əmanət qoymağa stimullaşdırmağa məcburdurlar və əmanətlərin illik faiz dərəcələrinə valyutalar üzrə diferensasiyanın tətbiqi qaçılmazdır. Banklar manatla olan əmanətlərin faiz dərəcəsini getdikcə qaldırırlar. Dollarla olan əmanətlərin faiz dərəcəsini isə aşağı salırlar".ÿ

S.Əliyevin sözlərinə görə, diqqət yetirsək görərik ki, kredit faizlərində də fərqlər yaranıb. Dollar kreditlərinin faiz dərəcələri ilə manat kreditlərinin faiz dərəcəsi arasında ən azı 4-5% fərq var. Bəzilərində bu rəqəm hətta 10%-ə çatır. Manat kreditləri əvvəlki illə müqayisədə xeyli bahalaşıb.

Dollar əmanətlərinin faiz dərəcəsinin aşağı salınması nəyə gətirib çıxara bilər?

Əvvəlcədən qeyd edək ki, bankların bu addımının əmanət bazarına təsir gücü daha çox faiz dərəcələrinin aşağı salınma səviyyəsindən (endirilmə ən az 3-4% olarsa) və prosesə qoşulan bankların sayından (əhatə dairəsindən) asılı olacaq. Hər bir halda müəyyən təsirləri görə biləcəyik: “Hazırda əmanətlərin dollarlaşması prosesi yekunlaşmaq üzrədir. Əmanətlərdə dollarlaşma prosesi doyma halına gəlib. Əmanət bazarında əmanətçilər gözləmə mövqeyindədir. Xüsusilə də yeni əmanət qoymaq istəyən və köhnə əmanətinin müddəti çatanlar seçim qarşısındadır: manatla əmanət qoysunlar, yoxsa dollarla. Fevral devalvasiyasından sonra manatın nisbi sabitliyi insanlarda panikanı aradan qaldırmaqla yanaşı manatın taleyi ilə bağlı onlarda müəyyən inam elementləri yaradıb. Ancaq bu 1 il öncəki inamdan hələ çox uzaqdır. Üstəgəl, manatla faizin yüksək olması belə əmanətlərin cazibədarlığını artırır. Dolların faizlərinin aşağı salınması isə insanları qaçırdır”.

S.Əliyev düşünür ki, manatın taleyi ilə bağlı qeyri-müəyyənlik insanlarda gözləmə mövqeyini artıracaq. Əgər devalvasiyadan sonra dollar əmanətlərinin sürətli artımı baş verirdisə, bundan sonra belə əmanətlərin artım tempi azalacaq və hətta dollar əmanətlərinin azalması baş verə bilər: “Əmanət qoyuluşunun azalması davam edəcək və dollar əmanətlərinin faiz dərəcəsinin azalması bu prosesi daha da stumullaşdıracaq. Yaxın aylarda manat sabitlik nümayiş etdirsə, əhalinin manat əmanətlərinə yönlənməsi baş verə bilər. Əks halda əhali vəsaitlərini geri çəkməyə üstünlük verəcək və böyük həcmdə pul bank sektorundan kənarda - yastıq altında ölü kapital kimi saxlanılacaq”.

Google+ WhatsApp ok.ru