“Bunun adı acgözlük, harınlıq, qudurğanlıqdır” - Aslan İsmayılov

Vəkil Xəzərin hasarlanmasına qarşı kampaniyaya dəstək istəyir; Aslan İsmayılov: “YAP-çı məmurlar prezidentin sərəncamına riayət edib tikdikləri hasarları sökməlidirlər”Xəzər sahilinin qanunsuz hasarlanması ictimaiyyəti ciddi narahat edən bir prosesdir. Tanınmış hüquqşünas Aslan İsmayılov bu özbaşınalıqla bağlı kampaniya başladıb. Hüquqşünas Xəzər sahillərinin hansı şəkildə hasarlanması əks olunan videoçarx hazırlatdırmaqla özünün facebook səhifəsində yerləşdirib.
Hüquqşünasın paylaşdığı “Azərbaycan xalqına məxsus olan Xəzər necə zəbt olunub” adlanan videoçarxa (https://www.youtube.com/watch?v=UOgmgVNlGZ4 ) 90 min dəfədən artıq baxılıb, xeyli facebook istifadəçisi isə videonu paylaşıb. A.İsmayılov məsələ ilə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb. Deyib ki, ictimaiyyətin təpkisi olacaqsa, hasarlar da söküləcək: “Mən öncə onu deyim ki, bundan əvvəl AZAL-la bağlı belə bir kampaniya aparmışdıq. Həmin kampaniya təsadüfdən qaynaqlanmışdı. Ötən il oğlum Novruz bayramında Bakıya gəlməli idi. Zəng edib dedi ki, gələ bilməyəcək. Səbəbini də belə izah etdi ki, ”Wizz Air" şirkətindən 99 dollara aldığı biletlə uça bilmir. Çünki AZAL “Wizz Air” şirkətinin Bakıya uçuşlarını ləğv edib. AZAL-ın özündə isə Bakıya bilet 600 avrodur. Mən məsələni araşdırdım, gördüm ki, AZAL müştəriləri, sadəcə, soyur. 
Buna görə “Wizz Air” kimi ucuz qiymətə sərnişin daşıyan digər şirkətləri də uzaqlaşdırıb. Status yazıb məsələni ictimailəşdirdim, bir balaca cədvəl tərtib edib paylaşdım. Sonradan bloqqerlər də məsələyə qoşuldular və nəticədə geniş müzakirələr meydana çıxdı, ölkə rəhbərliyi səviyyəsində reaksiya oldu. İndi bəzi yaramazlar yazır ki, guya bu hökumətin tapşırığıdır, ona görə də belə bir kampaniya aparılıb. Təəssüf ki, bir çox hallarda insanların saf niyyətlə gördüyü işləri bəzi qaragüruh nümayəndələri özlərinə mənsub üsulla murdarlamağı belə bacarırlar. Mən özümdən müştəbeh adam deyiləm ki, düşünüm ki, AZAL-la bağlı məsələni qaldırdım və prezident buna reaksiya verdi. Sadəcə, qaldırdığım məsələ ictimai marağa səbəb oldu, ictimai aktiv və sadə vətəndaşlar tərəfindən dəstəkləndiyindən belə reaksiyaya səbəb oldu.  Xəzər sahilinin hasarlanması ilə bağlı da bu vaxta qədər mətbuatda kifayət qədər yazılar dərc olunub, videoreportajlar verilib". 
A.İsmayılov “bəziləri düşünür ki, paylaşdığım videoçarx professional tərəfindən hazırlanıb. Əsla belə deyil” - deyə qeyd etdi: “Mən bu sahənin professionallarından xahiş edirəm ki, daha yaxşı videoçarxlar hazırlasınlar. Məsələn, mən bilirəm ki, AZAL şefi Cahangir Əsgərov Nardaranda dəniz sahilinin böyük bir hissəsini hasarlayıb. Mən həmin bağın və ona oxşar olanların yerini bilənlərə müraciət edirəm ki, həmin bağların fotolarını göndərsinlər, mən yayaram. Cahangir Əsgərov biletləri bizlərə 2-3 qat baha satmaqla orada özünə bir neçə milyon qiyməti olan bağ tikdirib, üstəlik xalqın yolunu kəsib. Mənim üçün fərqi yoxdur, kimin bağıdır, qoy fotolarını yaysınlar. Çəkinirlərsə, mənə yollasınlar, ictimailəşdirək. Bu adamların etdikləri həyasızlığı hər kəs görməli, bilməlidir.
A.İsmayılov məsələnin ictimailəşdirilməsi baxımdan mətbuata qınaqlarının səbəblərinə də toxundu: “Mən Xəzərlə bağlı müzakirələrə dəstək olmadıqlarına görə bəzi mətbu orqanlara və müxalifət partiyalarına bir balaca qınaq statusu yazandan sonra qaragüruh üstümə düşdü ki, bunu hökumətin sifarişi ilə etmişəm. Guya müxalifətə qarşıyam. Bəli, bu mövzu periodik olaraq bir çox mətbu orqanlarda işıqlandırılıb. Ancaq geniş maraq doğurmayıb. Ona görə də yüz minlərlə insanın bu müzakirələrə qoşulduğu vaxt onların susmasını qınamışam. Bir də artıq şüar dövrü bitib. ”Rədd ol diktator", “İstefa” süarları ilə dəyişiklik etmək mümkün deyil. Artıq yeni texnologiyalardan yararlanmaq dövrüdür. Mübarizənin yeni üsulları işə salınmalıdır. AZAL məsələsi facebookda paylaşıldı, müzakirə olundu və hakimiyyətdən reaksiya verildi. Mən o qədər də sadəlöhv deyiləm ki, bu hakimiyyətin bütün problemləri bir anlığa bir facebook statusu ilə həll edəcəyini düşünüm. 
Ancaq görünən odur ki, hakimiyyət sosial şəbəkələri diqqətlə izləyir və bizlər bundan istifadə etməliyik. Axı bu, bizim əlimizdədir və bundan niyə istifadə etməməliyik?  Mətbuat bu məsələdə bizə yetərincə dəstək verməlidir. Hakimiyyətdəkilər sağ olsun, məni Vəkillər Kollegiyasından uzaqlaşdırmaqla bir xeyli asudə vaxt vermiş oldular. Hazırda facebook vasitəsi ilə ictimai həyatda dövr edən məlumatlarla tanış olmağa, həmin məlumatları təhlil etməyə daha çox vaxtım var. Və bu təhlillərin nəticəsində görürəm ki, hansı məsələlər sadə vətəndaşları daha çox narahat edir. Ona görə də hansı məsələləri ki, həll etmək mümkündür, onlarla bağlı müzakirələr açıb, ictimailəşdirmək və müraciətlər etmək lazımdır. Bu gün facebookda “gəlin hakimiyyətin istefası məsələsini qoyaq” çağırışı etsəm, yəqin ki, bunu ağılsızlıq kimi qiymətləndirəcəklər. Mən mümkün olan işin qulpundan yapışıram, bunu etmək istəyirəm.
- İlk dəfə Xəzər sahilinin hasarlanmasının dayandırılması, hasarların sökülməsi məsələsini millət vəkili Zeynəb Xanlarova qaldırmışdı. Onu az qala xalq düşməni elan etdilər. Sizə qarşı belə münasibət sərgiləndimi?
- Bu məsələ ilə bağlı mənə sadə vətəndaşlardan təşəkkürdən, xoş münasibətdən başqa irad, təpki yoxdur. Qaragüruhu çıxmaq şərti ilə. Bəli, bu məsələni ictimailəşdirən ilk Zeynəb Xanlarova olub. Ona qarşı olanlar isə hakimiyyətdəki qrupların deputatları, sahili hasarlayanların yanında olanlar idi. Həmin sahilboyu ərazilərin alqı-satqısında birbaşa iştirak edən, vasitəçi olanlar idi. Milli Məclisdə Zeynəb xanımın qaldırdığı məsələyə o münasibətin sərgilənməsi deputatların xalqdan nə qədər uzaq olduqlarını göstərdi.
- Dəniz sahilindəki hasarların sökülməsi üçün hüquqi müstəvidə hansı addımlar atılmalıdır? 
- Yeni heç bir qanuna ehtiyac yoxdur. Mən bu gün iqtidarda YAP-dan olan vəzifə sahiblərinə müraciət edirəm. Hələ 2003-cü ildə Heydər Əliyev bu məsələnin ciddiliyini bildiyindən, 13 yanvar tarixli sərəncam imzalayıb. Sərəncamın preambulasında yazılır: “Əhalinin çoxsaylı şikayətlərini nəzərə alaraq Xəzər dənizinin xalqa məxsus olduğunu əsas götürərək qərara alıram. Xəzər dənizinin 130 metrlik sahil sahəsində tikilmiş fiziki, ya hüquqi şəxslərə qanunsuz olaraq verilmiş sahələr ya inzibati, ya məhkəmə qaydasında alınsın və insanların dəniz çimərliklərinə sərbəst giriş-çıxışı təmin edilsin”. 2008-ci ildə yeni bir sərəncam oldu, həmin sərəncama düzəliş etdilər. 130 metrlik sahəni endirdilər 20-50 metrə. Amma, bununla belə, həmin sərəncamda yenə qeyd olundu ki, əhalinin dənizə girmə hüququnu məhdudlaşdırmaq olmaz! Bu məsələnin icrası Nazirlər Kabinetinə tapşırılıb. Sadəcə, hakimiyyətdəki YAP-çı məmurlar prezidentin sərəncamına riayət edib tikdikləri hasarları sökməlidirlər. Sərəncam var, göstəriş var, amma icra edən yoxdur. Hasarların sökülməsi məsələsi birbaşa olaraq Nazirlər Kabinetinin və Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətindədir. İcra hakimiyyəti inzibati qaydada və ya məhkəməyə müraciət etməklə həmin ərazilərin hamısını boşaltmalıdır. 
-Sizcə, Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti bu məsələdə niyə hərəkətsizlik edir? 
- Hakimiyyətdə 7-8 məmur qruplaşması var, həmin bu qruplaşmalara görə bu addım atılmır. Əgər ictimai təpki olacaqsa, sizi tam əmin edirəm, hasarlar uçurulacaq da, dağıdılacaq da. Qanunların işləməsi üçün bir balaca ictimai təpki lazımdır. 
-Xəzər sahilinin Bakıdan kənar hissələri var ki, gözəl relyefi və rahat yol infrastrukturu ilə qonşuluqdadır. Belə bir halda sadə xalqın gedə bildiyi ensiz yolları olan ənənəvi çimərlik ərazilərinin hasarlanması nə dərəcədə doğrudur. Belə bir təkliflə çıxış edə bilərsinizmi ki, məmurlar zəbt etdikləri sahilboyu əraziləri boşaldıb həmin ərazilərdə xalqın qəzəbini qazanmadan villalar, imarətlər tikdirsinlər? 
- Əgər Azərbaycan hüquqi dövlətdirsə, Konstitusiyaya hörmət bəslənirsə, Heydər Əliyevin 2003-cü ildə imzaladığı sərəncam icra olunmalıdır. Bəli Şurabad, Sənqəçal ərazisində Xəzər sahili boşdur, ora sadə xalq getmir. Amma məmurlar ora deyil, xalqın getdiyi ərazilərə göz dikirlər. Bu acgözlükdən, qudurğanlıqdan, harınlamaqdan irəli gəlir. Əgər bu adamlar bu qədər acgöz olmasalar, sadə vətəndaşın getdiyi çimərlikləri hasarlamazlar. Təsəvvür edin ki, Pirşağıda, Bilgəhdə, Kürdəxanıda, Nardaranda Xəzər sahilini hasarlayıb özlərinə bir neçə kilometr sahəsi olan bağ salıblar. 
Bu adamların ailə üzvlərinin sayı 3-4 nəfərdir. Bu adamlar ailəlikcə hasarladıqları ərazidə çimmək istəsələr aralarındakı məsafə 1 kilometr olacağı halda, sadə vətəndaşların getdikləri çimərlikdə adamlar arasındakı məsafəni santimetrlə ölçmək olar. İnanmayanlar şənbə-bazar günləri Pirşağı çimərliyinə gedib tamaşa etsinlər. Bu boyda acgözlük olarmı? Sən dənizi hasarlayıb Antalyaya istirahətə gedirsən, xalq isə çimərlik axtarışında çəkdiyin bir neçə kilometrlik hasarın arxasında qalıb dənizə yol axtarır! Bunun adı acgözlük, harınlıq, qudurğanlıqdır. Üstəlik o boyda ərazini hasarlamaq ağılsızlıqdır. Çünki oranı saxlamaq xərcləri də var axı. Ağacların sulanması, elektrik enerjisi ilə təminat, cari təmir xərcləri. 10 minlərlə pulu boşuna xərcləməyin mənası nədir? Axı bu büdcə oğurluqlarının da bir sonu olacaq, onda həmin hasarlı əraziləri necə saxlayacaqsız?
- Çimərlik mövsumü açılandan sonra Ukraynanın Odessa vilayətində Qara dəniz sahilləri boyunca zəbt olunan ərazilərdəki hasarlar söküldü. Necə düşünürsünüz. Azərbaycana hasarları sökmək iqtidarında olan Saakaşvili kimi məmur kənardan gəlməlidir, yoxsa ölkədə bu cəsarətdə olan məmur var?
- Birincisi, Azərbaycanda bu məsələni Zeynəb Xanlarova qaldıranda Saakaşvili Amerikada dərs deyirdi. İkincisi, məhz Saakaşvilinin qətiyyətli hərəkətlərinə görə bu gün oğru-cibgirlər, harınlamış məmurlar Odessadan qaçır. Əminəm ki, Odessa bütün Ukraynaya nümunə olacaq və bütün Ukraynada vəziyyət müsbətə doğru dəyişəcək.
- Xəzər sahilinin hasarlanması həm də yolların bağlanması, zəbt olunması ilə müşayiət olunur. Belə bir halda Nəqliyyat Nazirliyinin hərəkətsizliyi, sizcə, nə ilə əlaqədardır?
- Nəqliyyat Nazirliyinin özünün o qədər qanunsuzluğu var ki. Ona görə ki, bundan yararlanırlar, 10 milyonlarla pul qazanırlar.
- Bu məsələ ilə bağlı hakimiyyət hansı addımlar atmalıdır? 
- Əgər bu hakimiyyətin vətəndaşlara bir balaca hörməti varsa, bütün hasarlar sökülməlidir. Ənənəvi çimərlik zonalarında bir hasar belə qalmamalıdır. Sahibinin kimliyindən, vəzifəsindən asılı olmayaraq bütün hasarlar sökülməlidir.  Musavat /

Google+ WhatsApp ok.ru