“Xalqın və ölkənin gələcək taleyi xaosa sürüklənir”

Son aylar ərzində dünyada baş verən siyasi və xüsusilə iqtisadi proseslər fonunda ekspertlər və politoloqlar tərəfindən Azərbaycanın gələcəyinə dair bədbin proqnozlar səsləndirilir. Ən əsas amil isə son 1 il ərzində dünya bazarımda neft qiymətinin kəskin ucuzlaşması göstərilir. Bütün bunların fonunda hakimiyyətin külli miqdarda maliyyə vəsaiti xərcləyərək Avropa Oyunlarını Bakıda keçirməsi gərgin olan vəziyyəti daha da pisləşdirib. 
 
Hazırda bəzi ekspertlər və analitiklər İranın neft bazarına girəcəyi halda, dünya bazarında neftin qiymətinin 20 dollara qədər ucuzlaşacağını proqnozlaşdırırlar. Bu isə Azərbaycanın gəlirlərinin bir neçə dəfə azalması və ölkənin iqtisadi durumunun daha da pisləşəcəyi deməkdir. Bəs baş verənlər fonunda Azərbaycanı nə gözləyir? Siyasi və iqtisadi islahatlara getməkdə maraqlı görsənməyən Azərbaycan hakimiyyətinin atdıqları addımlar ölkəni hara aparır? 
 
FaktXeber.com-un suallarını cavablandıran politoloq Zərdüşt Əlizadə ölkənin gələcəyi ilə bağlı proqnozları çox təəssüf ki, müsbət olmadığını söylədi.
 
Ölkəni sevindirici heç nə gözləmədiyini söyləyən Zərdüşt bəy, ”əgər bir xalq tüfeyli həyat tərzi keçirirsə, dünya bazarında çeşidli məhsullarla bağlı rəqabət qanunu hökm sürdüyü halda, bazara günü-gündən dəyərdən düşən neft və qaz çıxarırsa və bunun əvəzinə xeyli israf və dəbdəbə mallar idxal edirsə, ən nəhayət özünün sənayesini və kənd təsərrüfatını inkişaf etdirmirsə, onda bu xalqın gələcək taleyi necə olmalıdır?”, - deyə bildirdi: 
 
“Yığılmış pullar qurtaracaq, sonra camaat başlayacaq yoxsul və səfil həyatı yaşamağa.”
 
Söylənilən proqnozlar fonunda ölkənin siyasi-ictimai həyatını da təsvir edən Zərdüşt Əlizadə bildirdi ki, ölkədəki mövcud iqtidarın, müxalifətin və xalqın siyasi mədəniyyəti göz qabağındadır: “Belə bir vəziyyətdə demək olar ki, xalqın və ölkənin gələcək taleyi xaosa sürüklənir.”    /

Google+ WhatsApp ok.ru