​Sentyabrın 24-də azərbaycanlı zəvvarlar şeytanı daşlayacaqlar

Həcc ziyarətində olan azərbaycanlı zəvvarların bir qrupu bu gün axşamdan başlayaraq Tərviyəyə çıxacaq. Digər bir qrupu isə sabah axşamdan başlayaraq Ərəfat dağına qalxacaq. Bu barədə "Report"a Həcc ziyarətini yerinə yetirən azərbaycanlı zəvvarların qrup rəhbəri Hacı Həmdulla Babayev məlumat verib.
O bildirib ki, sentyabrın 23-ü Zilhiccə ayının 9-u olduğu üçün Məkkədə olan bütün zəvvarlar Ərafat dağında olacaq və ibadət edəcəklər. Axşam azanından sonra Müzdəlifə dağına çıxılacaq.
Sentyabrın 24-də Minada böyük şeytana daş atılması mərasimi keçiriləcək: "Şeytanın daşlanmasından sonra qurbanlar kəsiləcək və saçlar qırxılacaq. Bununla da zəvvarlar ehramdan çıxacaq. Ayın 25-26-da artıq Minanı tərk edəcəklər".
Hacı Həmdulla bildirib ki, zəvvarlar Məkkə şəhərində Həccin bütün əməllərini yerinə yetirdikdən sonra sentyabın 28-dan 29-na keçən gecədən etibarən Azərbaycana dönməyə başlayacaqlar.
Qrup rəhbəri zəvvarların sağlamlıqları ilə bağlı heç bir problemlərinin olmadıqlarını da bildirib.  

Google+ WhatsApp ok.ru