“Şamaxinka” yolu bağlanır

Bakının işlək yollarından daha biri bağlanır.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, fevralın 6-da aparılacaq təmir işləri ilə əlaqədar Bakı Dairəvi-1 avtomobil yolunun “Şamaxinka” deyilən əraziyə doğru olan istiqaməti üzrə köməkçi yolla nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.
 
Təmir işlərinin axşam saatlarına kimi aparılması nəzərdə tutulub. Sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.
 
Məlum olduğu kimi, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.
 
Belə ki, bundan öncə asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar Zərifə Əliyeva küçəsinin Səməd Vurğun ilə Əziz Əliyev küçələri arasındakı hissəsi bir günlüyünə bağlı olub. Bununla yanaşı, Neftçilər prospektinin Rəsul Rza ilə Əziz Əliyev küçələri arasındakı hissəsində də nəqliyyatın hərəkəti həmin gün tamamilə dayandırılıb. Buna alternativ olaraq Neftçilər prospektinin Səməd Vurğun ilə Əziz Əliyev küçələri arasındakı hissəsində avtomobillərin hər iki istiqamətdə hərəkəti təşkil olunub. 
 
Neftçilər prospektinin Bülbül küçəsi ilə kəsişməsindən Azneft dairəsinə qədər olan hissəsi isə bu gün səhərə kimi bağlı olub. /
 

Google+ WhatsApp ok.ru