Ərşad Hüseynov: “Marşrut sahibləri öhdəliklərə əməl etmədikdə, müqaviləyə dərhal xitam verilməli və marşrut ondan alınmalıdır”

Son 1 ay ərzində avtobuslarla baş verən qəzaların sayında xüsusi artımlar müşahidə olunur. İnsan tələfatı və xəsarəti ilə müşahidə olunan qəzalar sərnişinlərdə xüsusi bir narahatlıq yaradır. Sürücülərin intizamsızlığı, qayadalar riayət etməməsi ilə bağlı dəfələrlə müraciətlər edilsə də nəticə əldə edilmir. Əhali bu prosesə son qoyulması üçün təxirəsalınmaz addımların atılmasını gözləyir.
 
Nəqliyyat eksperti Ərşad Hüseynov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, ictimai nəqliyyat vasitələri ilə baş verən qəzalarda məsuliyyət tam fərqlidir: “Əslində avtobusların da törətdiyi qəzalar adi yol nəqliyyat hadisəsidir. Amma burada digər qəzalardan fərqli bir cəhət var. Belə ki, ictimai nəqliyyatda bu qəzalar sistemli bir xarakter almağa başlayıb. İctimai nəqliyyat vasitələri ilə baş verən qəzalarda marşrutun sahibi mütləq məsuliyyətə cəlb olunmalıdır. Bu məsələ üzrə məsuliyyət 3 növdur.
 
Əgər ictimai nəqliyyat hadisəsində hər hansı marşrut məsulunun səhvi səbəbi ilə cinayət xarakterli bir qəza baş veribsə mütləq həmin məsul şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Məsuliyyətə cəlb ediləcək marşrutla bağlı texniki məsələlərə görə, məsul olan şəxs, sürücülərin intizamına görə, məsuliyyət daşıyan şəxslər ola bilər.
Qəza nəticəsində insanların sağlamlığına zərər dəyir. Bəzi insanlar qəza nəticəsində əmək qabliyyətini itirə bilərlər. Belə hallarda həmin məsul şəxslər mütləq mülki məsuliyyətə cəlb olunub, təzminatlar ödəməlidirlər. Son məsuliyyət də inzibati təşkilatı məsuliyyətdir. Əgər məlum olsa ki, sərnişindaşıyıcı şirkət götürdüyü öhdəliklərə əməl etmir, onun müqaviləsinə dərhal xitam verilməlidir və marşrut ondan alınmalıdır. Sadalanan məsələlərlə bağlı hələ ki, heç bir addım müşahidə etməmişik. Fərdi qaydada şikayətlər olsa da, süründürməçiliklə nələrsə edilir”. /
 

Google+ WhatsApp ok.ru