​NEFTİN YARATDIĞI EKOLOJİ TƏHLÜKƏ

​NEFTİN YARATDIĞI EKOLOJİ TƏHLÜKƏ

«Exo» qəzeti «Abşeron göllərinin təmizlənməsi layihəsi bağlandı?» sualı ətrafında Abşerondakı göllərlə bağlı ekoloji durumu dəyərləndirib.
 
Müəllif yazır ki, Abşeron yarımadasındakı çoxsaylı kiçik göllər neft çıxarılması nəticəsində yaranıb. Bu mazutlu, duzlu göllər məişət tullantıları ilə çirkləndirilib.
 
Yazıda qeyd edilir ki, Abşerondakı göllərin təmizlənməsi üzrə layihə dayandırılıb və buna səbəb maliyyə çatışmamazlığı göstərilir.
 
Müəllifin bildirməsinə görə, həmin layihəni tenderdə qalib gələn Hollandiya şirkəti icra etməli və Azərbaycan tərəfi 250 milyon dollar ödəməli idi. Amma layihənin icrası qeyri-müəyyən müddətə ertələnib. Göllərin ətrafında yaşayan insanlar isə layihənin gerçəkləşməsini səbirsizliklə gözləyirdilər.
 
Qəzetə danışan ekspert Nəriman Ağayev maliyyə çatışmamazlığı üzündən layihənin icrasının təxirə salınmasını təəccüblə qarşılamadığını deyir: «Amma onların sağlamlığı təhlükə altındadır. Belə göllərin Suraxanı, Qaradağ, Binəqədi və başqa rayonlarda yerləşdiyi nəzərə alınsa, deyə bilərik ki, həmin ərazilərdə 1 milyon nəfərdən çox insan yaşayır. Bu, böyük rəqəmdir və yaxın 10 ildə problem həllini tapmalıdır. Bundan ötrü xarici mütəxəssisləri dəvət etmək məcburi deyil».
 
Başqa bir ekspert Telman Zeynalov Abşerondakı göllərin təmizlənməsinə Dünya Bankının yardım edəcəyi və bununla bağlı uyğun layihənin 2017-ci ildə müzakirəyə çıxarılacağını bildirir.
 
Geoloq Vasif Xəlilzadə isə qəzet vasitəsilə hökumətə xəbərdarlıq edib. Onun bildirməsinə görə, yaxın 10 ildə Abşeron yarımadasının ekoloji problemlərinin həlli ilə bağlı kardinal qərarlar qəbul edilməsə, bunun ciddi fəsadları olacaq.(azadliq.org)

Google+ WhatsApp ok.ru