Şəhid hərbçilərimiz dəfn edilib - FOTO

Şəhid hərbçilərimiz dəfn edilib - FOTO

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçuları Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu bu gün dəfn edilib.
 
sehid herbci sekide torpaga tapsirilib
Şəhid olan hərbi qulluqçu Abdullayev Aqşin İsmayıl oğlu bu gün doğulduğu Şəki rayonunda torpağa tapşırılıb.
Şəhid hərbçinin anadan olduğu Kiş kənd qəbiristanlığında keçirilən dəfn mərasimində Müdafiə Nazirliyinin, şəhidin xidmət etdiyi hərbi hissənin, rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Şəhidin tabutuna çəkilmiş Azərbaycan bayrağı onun ailə üzvlərinə təqdim olunub.
Yaylım atəşindən sonra şəhid hərbçi torpağa tapşırılıb.
 
 
Şəhid Zakir Cəfərov dəfn olunub.
Şəhidlə doğulub boya-başa çatdığı Keşlə qəsəbəsində vida mərasimi keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Nizami rayon İcra Hakimiyyətinin, rayon hüquq mühafizə orqanlarının, idarə və təşkilatların kollektivləri, minlərlə şəhər sakini, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak edib.
Şəhidin nəşi məsciddən Keşlə qəbiristanlığınadək çiyinlərdə aparılıb. Əslən Ağdam rayonundan olan şəhid Nizami rayonu, Keşlə kənd qəbiristanlığında dəfn olunub.
Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.
 
 
 
sehid herbci tovuzda defn olunub
 
Şəhid Əhmədov Elvin Süleyman oğlu Tovuz rayonunda dəfn edilib.
Yanıqlı kənd qəbiristanlığında keçirilən dəfn mərasimində rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhid hərbçinin xidmət etdiyi hərbi hissənin təmsilçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak edib.
Çıxış edənlər şəhid Elvin Əhmədovun döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiyini deyiblər. Bildirilib ki, şəhid Elvin Əhmədov örnək olacaq bir hərbçi olub.
Yaylım atəşi açılıb, şəhid torpağa tapşırılıb. Şəhidin tabutunun büküldüyü Azərbaycan bayrağı atasına təqdim edilib.
 
 
sehid herbci beyleqanda defn edilib
 
Şəhid Qədimov Zülfü Rəhim oğlu bu gün Beyləqan rayonunda torpağa tapşırılıb.
Dəfn mərasimi Peyğəmbər qəbiristanlığında keçirilib.
Dəfn mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin, Müdafiə  Nazirliyinin nümayəndələri, rayon rəhbərliyi də iştirak edib.
Yaylım atəşindən sonra şəhid hərbçi torpağa tapşırılıb. Şəhidin tabutuna çəkilmiş Azərbaycan bayrağı atasına təqdim edilib.
 
 
sehid tural hasimli ordubadda defn olunub
Şəhid Tural Əbdül oğlu Haşımlı dəfn olunub.
Şəhidlə doğulub boya-başa çatdığı Ordubad şəhərində vida mərasimi keçirilib.
Mərasimdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, idarə və təşkilatların kollektivləri, minlərlə sakin, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak edib.
T. Haşımlı Ordubad şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.
 
Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub.
Şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə dünən döyüş meydanından təxliyə edilib. /

Google+ WhatsApp ok.ru