ABŞ Senatında Azərbaycanla bağlı dinləmə – «sanksiyaların addım səsi»

Oktyabrın 28-də ABŞ Senatında Azərbaycanda insan hüquqlarının pozulması mövzusunda dinləmələr keçirilib. Dinləmələr Senat üzvləri, hüquq müdafiəçiləri və diplomatların köməyilə təşkil edilib. Tədbirin moderatoru ABŞ dövlət katibinin keçmiş müavini Devid Kramer olub. Bu barədə “Turan”ın Vaşinqton müxbiri məlumat verib.

Dinara Yunus: “Qorxuram ki, bir daha valideynlərimi görməyim”

Həbsdə olan hüquq müdafiəçiləri Leyla və Arif Yunusların qızı Dinara Yunus həbsdə əziyyət çəkən valideynləri ilə bağlı durumdan danışıb: “Valideynlərim həbsdə işgəncələrə məruz qalırlar. Onlar dəfələrlə təhqir olunub, alçaldılıblar. Onları hüquq-müdafiə fəaliyyətinə görə cəzalandırırlar. Həbsxanada anamı dəfələrlə döyüblər. Onun psixoloji və fiziki durumuna görə çox qorxuram. Ümidim yoxdur, qorxuram ki, bir daha valideynlərimi görməyim. Buna görə kim məsuliyyət daşıyır? Kim onları əsassız olaraq həbsə alıb?”.

D.Yunus beynəlxalq ictimaiyyəti Azərbaycan hökumətini onları dərhal azad etməyə çağırmağa səsləyib.

Miriam Lanskoy: “Insan haqları ilə bağlı vəziyyət parlament seçkiləri ərəfəsində daha da pisləşib”

Milli Demokratiya Fondunun Avrasiya proqramları üzrə direktoru Miriam Lanskoy isə xatırladıb ki, Yunus cütlüyü uzun illərdir hüquq-müdafiə fəaliyyətinə görə təqiblərə məruz qalıblar. Məhz buna görə 2009-cu ildə D.Yunus Azərbaycanı tərk etməli olub. M.Lanskoy insan haqları ilə bağlı onsuz da pis olan vəziyyətin parlament seçkiləri ərəfəsində daha da pisləşdiyini bildirib.

Tamara Qriqoryeva: “”Azadlıq” qəzeti uzun illərdir ki, daimi təzyiq altındadır”

“Freedom House”un nümayəndəsi Tamara Qriqoryeva da çıxışında Azərbaycandakı reallıqlardan danışıb: “Azərbaycan hökuməti sizi inandırmaq istəyir ki, ölkədə hər şey yaxşıdır və 1 noyabr seçkiləri azad və ədalətli olacaq. Lakin bu, azad mətbuat olmadan mümkün deyil. Həqiqət odur ki, Azərbaycanda azad mətbuat yox olmağa doğru gedir. Son ildə hakimiyyət ABŞ-ın maliyyələşdirdiyi ”Azadlıq” radiosunun bürosunu bağlayıb. Müstəqil və müxalifət KIV nümayəndələri tez-tez təqib və həbs olunur”,- deyə qeyd edən T.Qriqoryeva X.Ismayıl, Rauf Mirqədirov, Meydan TV, “Azadlıq” qəzeti, “Azərbaycan saatı” proqramı ilə bağlı işləri xatırladıb.

T.Qriqoryeva daha sonra əlavə edib ki, hakimiyyət fəal bloggerləri, sosial şəbəkə fəallarını təqib edir. “Freedom House”un nümayəndəsinin sözlərinə görə, hazırda ən azı 7 blogger həbsdədir. Sonuncu belə hadisə oktyabrın 16-da Tofiq Həsənovla baş verib və o həbs edilib: “Azadlıq” qəzeti uzun illərdir daimi təzyiq altındadır. Hakimiyyətÿ qəzeti susdurmaq üçün iqtisadi tədbirlərə əl atır. Qəzetə öz nəşrlərini sərbəst satmaq qadağan edilir. Firmalara müxalifət qəzetlərini satması qadağan edilib. Dövlət yayım firması satılan nüsxələrin pulunu vermir. Eyni zamanda biznesə müxalifət və müstəqil KIV-də reklam vermək qadağan edilib”.

Riçard Kozlariç: “Mətbuat azadlığını pozan tərəfdaş etibarlı tərəfdaş ola bilməz”

“Azərbaycan ABŞ-ın mühüm tərəfdaşıdır. Lakin əsas insan hüquq və azadlıqlarını, mətbuat azadlığını pozan tərəfdaş etibarlı tərəfdaş ola bilməz”, deyə ABŞ-ın Bakıdakı keçmiş səfiri Riçard Kozlariç bildirib.

R.Kozlariçin sözlərinə görə, Bakı əvvəlkitək Amerikanın strateji tərəfdaşı olmaq istəyir. Lakin belə olan halda Azərbaycan hakimiyyəti anlamalıdır ki, strateji tərəfdaşlar ümumi dəyərlərə sahib olmalıdır: “Bizə deyirlər ki, Azərbaycan mürəkkəb mühitdə yaşayır, onun çətin qonşuları var, odur ki, ABŞ ölkə həbsxanalarında 90 siyasi məhbusun olmasına diqqət verməməlidir.ÿLakin insan hüquqları ilə bağlı problemlər Rusiyanın, Iranın və ya ABŞ-ın uğursuzluğundan deyil, onları Bakı rejimi yaradıb. Azərbaycanda insan hüquqlarının pozulmasına görə cavabdeh olanlar ən azı maliyyə və səyahət sanksiyalarına məruz qalmalıdır”.

Bəs Azərbaycana qarşı siyasi və iqtisadi sanksiyalara çağırışların edilməsi, ölkədəki vəziyyətin bu dəfə daha da mötəbər tribunada – Senatda müzakirəyə çıxarılması nəyin mesajıdır?

Milli Şuranın Koordinasiya Mərkəzinin rəhbəri Gültəkin Hacıbəyli bildirdi ki, ABŞ-da bu qəbildən olan dinləmələrin keçirilməsi birinci dəfə deyil baş tutur. Təxminən oxşar tərkibdə dinləmələrin dəfələrlə reallaşdırıldığını deyən G.Hacıbəyli vurğuladı ki, son dinləmələri əvvəlkilərdən fərqləndirən cəhət, mahiyyət, məzmun və iştirakçıların çevrəsi eyni olsa da, dinləmələrin təşkilatçısı daha yüksək səviyyəlidir: “Əgər öncəki dinləmələri ABŞ-ın ayrı-ayrı qeyri-hökumət təşkilatları, ictimai fəallar təşkil edirdisə, budəfəki dinləmələr ABŞ-ın insan haqları bürosunda təşkil olunub. Təşkilatçıların səviyyəsinin yüksəlməsi, artıq Senat səviyyəsində problemə münasibət bildirilməsi ciddi məsələdir. Dinləmələrdə Riçard Kozlariç, Devid Kramer kimi ekspertlərin iştirakı isə təsadüfi deyil. ABŞ-da Azərbaycanda insan haqlarının səviyyəsini öyrənən və bu barədə mütamadi olaraq ABŞ Senatını, Konqresini, Dövlət Departamentini bilgiləndirən insanlar məhz bu şəxslərdir. Onların Azərbaycanla bağlı mövqeyi daha mötəbər sayılır. Bu artıq çox ciddi bir siqnaldır”.

Dinləmələrdə Azərbaycana qarşı iqtisadi və siyasi sanksiya çağırışlarının təsadüfən səsləndirilmədiyini deyən G.Hacıbəyli vurğuladı ki, daha öncə də belə çağırışlar səsləndirilirdi. Amma bu dəfə bu çağırışlar Senatdan dilə gətirilir: “Bu isə artıq ABŞ-ın rəsmi mövqeyi olmağa yaxınlaşan yanaşmadır. Saxtalaşdırılacağı şübhə doğurmayan seçki bitdikdən sonra dilə gətirilən iqtisadi və siyasi sanksiyalar daha real olacaq. Tendensiya bu istiqamətdə gedir. Bu dinləmələr gələcək sanksiyaların addım səsi adlandırıla bilər”. azadliq.info/

 

Google+ WhatsApp ok.ru