AFƏT VƏ BƏLALAR

İmam Əli (ə) buyurmuşdur:

لِكُلِّ شَىْ‏ءٍ آفَةٌ؛

“Hər bir şeyin afət və bəlası var...

(“Mizanul-hikmət”, 1-ci cild, səh. 110, fəsil 97, hədis 514.)

 

ŞƏRH VƏ TƏFSİR

Bütün dünya varlıqları zərər-ziyana məhkumdur. Dünyada bəlasız bir şey tapmaq mümkünsüzdür. Misal üçün, biz insanların bədəni bir çox zərər-ziyanlara məruz qalır, bəlalarla doludur. Minlərlə xəstəlik növü həmişə insan sağlamlığını hədələyir. Onların dərmanı və müalicəsi üçün də elmi mərkəzlərdə müxtəlif tibbi sahələr araşdırılır. Hətta göz kimi kiçik bir üzvün bəlası o qədər çoxdur ki, çağdaş dünyamızda bir təbib gözlə bağlı bütün incəliklərin mütəxəssisi ola bilmir, əksinə bu sahədə müxtəlif mütəxəssis həkimlər fəaliyyət göstərir. İnsan ruhu da belədir; bitkilər, heyvanlar, insan cəmiyyəti və bir sözlə, heç bir şey bəlasız deyil!

Bu ümumi qaydaya əsasən, hər bir sahədə onun afət və bəlası diqqətlə izlənilməlidir, yoxsa, nemətlər, uğur və qələbəliklər təhlükələrə məruz qala bilər. İmam Əli (ə) sözünün davamında otuza yaxın nemətin afət və bəlasından söz açmışdır ki, biz burada üçünü qeyd etməklə kifayətlənirik:

1. آفَةُ الْوَرَعِ قِلَّةُ الْقِناعَةِPəhrizkarlığın bəlası qənaətin azlığıdır. (“Mizanul-hikmət”, 1-ci cild, səh. 111, fəsil 97, hədis 537.) İnsanı harama çəkən və şübhəli malların istifadəsinə həris edən, imanı zəif olanları xüms və zəkatı tərk etməyə sövq edən, daha çox mal-dövlət yığmaq üçün insanın rahatçılığını əlindən alan ən mühüm məsələ qənaətsizlik və qane olmamaqdır. Əgər insanın həyatı qənaətlə yoğurulsa, onun idarəsi də asanlaşacaq. Abbasi xəlifəsi Harunər-Rəşidin şərhi-halında yazırlar ki, bir gün onun oğullarından biri toy mərasimində öz zövcəsinin başına hədiyyə məqsədilə torpaq sahəsi və kəndlərin adı yazılan kağız vərəqləri atırmış. (“Nəhcül-bəlağədə İslam əxlaqı”, 1-ci cild, səh. 118.) Aydındır ki, belə işlərə əl atan insan qənaət edə bilməyəcək və qarət, çapovul, oğurluq və digər çirkin işlərə əl atacaq. Qənaət edən insan isə belə işlərdən uzaqdır.

2. آفَةُ الْقَوِىِّ اسْتِضْعافُ الْخَصْمِGüclünün bəlası düşməni zəif saymaqdır. (“Mizanul-hikmət”, 1-ci cild, səh. 111, fəsil 97, hədis 541.) Cəmiyyətin güclü təbəqəsinin bəla nöqtəsi öz düşmənlərini kiçik saymasıdır. Deməyin ki, mədəni hücumlar mühüm deyil, qəzetlər və kütləvi informasiya vasitələrində hörmətsizlik əhəmiyyət kəsb etmir, əxlaqsız və yasaq filmlər təsirsizdir!... Çünki düşməni kiçik saydıqda, onun tərəfindən zərbələrə məruz qalacaqsan.

3. آفَةُ الْعَقْلِ الْهَوىِƏqlin bəlası nəfsi istəklərdir. (“Mizanul-hikmət”, 1-ci cild, səh. 111, fəsil 97, hədis 526.) Nəfsi istəklər insanın əqlini yatırır və onun həyatı xətalarla dolur. Nəfsi istəklər hicabdır, həm dinin, həm də əqlin bəlasıdır.

Bəli, hər bir şeyin afət və bəlası var, afət və bəlaları arayıb tanımaq, onlarla mübarizə aparmaq lazımdır.

Rza Şükürlü

 

Google+ WhatsApp ok.ru