Şagirdini xilas edib özü Kürdə batan müəllimin ailəsindən - REPORTAJ

Kür çayının Sabirabaddan keçən hissəsində körpüdən suya düşüb batmaqda olan maşından 9 yaşlı məktəbli Güldəstə Hüseynovanı xilas etsə də özü sulara qərq olmuş Əhliman Hüseynovun cəsədi hələ də tapılmayıb.
 
Maide.az Virtualaz.org saytına istinadən məlumat verir ki, saytın müxbiri Sabirabad şəhəri 5 saylı orta məktəbin müəllimi Ə.Hüseynovun evində olub, habelə dekabrın 5-də baş vermiş o məşum hadisənin gerçək qəhrəmanı Dəyanət Şıxəliyevlə, xilas olunmuş məktəblinin atası ilə görüşüb. Onun Cavad kəndindən hazırladığı reportajı təqdim edirik:
 
Bu kədərli hekayə Sabirabadda hələ də günün əsas mövzusudur. Rayonda hamı bundan danışır. Yerli sakinlərin hər sabahı hələ də bu sualla açılır: “Əhliman müəllimin cəsədi tapıldımı?”
 
Hamı hələ də Əhliman müəllimin cəsədinin tapılacağı ümidi ilə yaşayır. Hələ də hər gün Kürün qırağına toplaşıb boz-bulanıq sulara zilləyir. “Tapılar” ümidi ilə... “Kaş ki, bu gün tapılaydı...” duası ilə...
 
Biz də ürəyimizdə bu ümid, dilimizdə bu dualar Sabirabada yollanırıq. Dəyanətlə görüşmək üçün. Balaca qızcığazı ölümün cəngindən son anda, özü də öz həyatını təhlükəyə ataraq xilas edən 22 yaşlı bu gənc əslində bugünkü gəncliyə nümunə ola biləcək əsl qəhrəmandır axı...
 
Dəyanət Şıxəliyevlə işlədiyi tikinti materialları mağazasında görüşdük. Dəyanət deyir ki, həmin gün o da öz maşını ilə Kür çayı üzərindəki körpüdən keçirmiş:
- Elə körpüyə yaxınlaşırdım ki, qəfildən bərk səs-küy eşitdim. Elə bil nəsə partladı. Gurultu səsinə maşını saxladım. Çaya tərəf baxandan onun üstündəki körpünün dəmir məhəccərlərini dağıdaraq burnu üstə suya düşən “VAZ-2107”-ni gördüm. Dərhal maşından düşüb çayın sahilinə qaçdım. Bu zaman batmaqda olan maşının sürücü tərəfdəki qapısından iki nəfərin suyun üstünə çıxdığını gördüm. Heç bir dəqiqə çəkmədi, bəlkə də saniyələr ötdü ki, maşın suyun dibinə çökdü.
 
- Dəyanət, onda orada səndən başqa adamlar da var idimi?
- Hə, məndən qabaq maşını saxlayıb dayananlar var idi. Amma heç kim suya girmirdi...
Onu da öyrənirik ki, bu vaxta qədər sahilə toplaşmış adamlardan heç kəs suya baş vuraraq batanları xilas etməyə ürək etməyib. Əvvəla, həmin gün hava şaxtalı olduğundan su da buz kimi soyuq olub. Digər tərəfdən, axın suda batmaqda olan adamları sahildən xeyli uzaqlaşdırıbmış. Buna görə də adamlar suya girməyi ya mənasız iş sayırmış, ya da qorxulu...
 
Amma Dəyanət belə düşünməyən yeganə adam olub. O, heç bir tərəddüd etmədən əynindəki gödəkcəni və ayağındakı uzunboğaz çəkməni çıxarıb və özünü suya atıb. Batmaqda olan Əhliman müəllimə və 9 yaşlı Güldəstəyə doğru üzməyə başlayıb.
 
Dəyanət deyir ki, Əhliman müəllim özü həyatla ölüm arasında çarpışsa da balaca Güldəstənin batmağına imkan verməyərək onun suyun üzərində qalmasına çalışırdı:
 
- Mən suda batanlara çatanda onlar artıq maşının düşdüyü yerdən çay boyu axıb xeyli uzaqlaşmışdılar. Üzüb onlara çatdım. Heç düşünmədən birinci balaca uşaqdan yapışdım. Daha doğrusu, Əhliman müəllim uşağı mənə tərəf itələdi. Mən uşağı tutsam da Əhliman müəllim gözümün önündə son dəfə batdı. Daha suyun üzünə çıxmadı. Mən usə uşağı boynuma alıb çayın tən ortasından üzə-üzə sahilə çıxa bildim...
 
...Dəyanətdən ayrılıb Əhliman müəllimin işlədiyi 5 saylı orta məktəbə gedirik. Məktəbin foyesində onun xatirəsinə anım guşəsi yaradılıb.
 
Məktəbin direktoru Bilal Əhmədov və digər müəllimlər əmək təlimi müəllimi Əhliman Hüseynovun faciəvi vəfatından sarsıldıqlarını, lakin onun hərəkətindən qürur duyduqlarını bildirdilər.
 
21 ildir ki, həmin məktəbdə müəllim işləyən 57 yaşlı Əhliman Hüseynov şagirdlərinin gözündə əsl qəhrəmandır. 11-ci sinif şagirdi olan oğlan müəllimi barədə bircə cümlə dedi: “O, əsl müəllim idi, gözəl insan idi...”
 
Məktəbdən çıxıb hadisənin baş verdiyi körpüyə gedirik. Əhliman müəllimin həmkəndliləri hər gün olduğu kimi bu gün də çayın kənarına toplaşmışdı. FHN əməkdaşları da orada idi. Növbəti dəfə müəllimin cəsədinin axtarışı üçün məsləhətləşmə gedirdi. Yerlilər Kürün “dilini” bilir...
 
Xilas edilmiş məktəblinin atası Fuad Hüseynovla da elə Kürün qırağında görüşdük. O bildirdi ki, hadisə baş verən gün Cavad kəndi ilə Sabirabad şəhərini birləşdirən Kür çayı üzərindəki körpünün üstü buz bağlayıbmış. Həmin gün səhər saat 8-in yarısında Fuadın xahişi ilə onun qızını da məktəbə aparan Əhliman müəllimin maşını sürüşüb, körpünün dəmir barmaqlıqlarına çırpılıb, bu dəmirləri qırandan sonra isə çaya düşüb.
 
Güldəstənin özünü görmək istədiyimizi deyirik. Amma atası məsləhət görmür. F.Hüseynov deyir ki, Güldəstə möhkəm stress keçirdiyindən yenidən bu mövzuya qayıtması ona ağırdır.
 
Fuad Hüseynov deyir qızı ona danışıb ki, maşın Kürə düşən kimi Əhliman müəllim ona dərhal çiynindəki məktəbli çantasını açmağı tapşırıb, özü isə sularda qərq olmağa başlamış maşının qapısını açaraq Güldəstənin də qolundan tutub suyun üstünə atıb. Onlar buz kimi suda həyatla ölüm arasında çarpışdıqları zaman isə 22 yaşlı qəhrəman Dəyanət köməyə gəlib.
 
Fuad Hüseynov deyir o və ailə üzvləri Dəyanətə ömrü boyu borclu olacaqlar.
 
Sonra Cavad kəndinə gedərək Əhliman müəllimin evində olduq. Ömrünün 21 ilini müəllimliyə həsr etmiş bu insanın kasıb, sadə evində qadınlardan başqa heç kəs yox idi. Kəndin kişiləri isə bir nəfər kimi onun cəsədinin axtarışına yollanmışdı.
 
Əhliman Hüseynovun həyat yoldaşı Tərifə Hüseynova göz yaşları içində yalnız onu xahiş edirdi ki, həyat yoldaşının cəsədi tez bir zamanda tapılaraq dəfn olunmaq üçün ailəsinə verilsin: “Barı onu dəfn edə bilək...”
 

Google+ WhatsApp ok.ru