AİP Qadınlar Şurası elmi-praktik konfrans keçirdi - FOTO

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində AİP Qadınlar Şurasının təşəbbüsü ilə “İmam Əli (ə) və xanım Fatimənin (s.ə) izdivac gününə” həsr olunmuş elmi-praktik konfrans  keçirildi.

 

Konfransı AİP qadınlar şurasının sədri Növrəstə İbrahimova giriş sözü ilə  Qurani-Kərimin Maidə surəsinin 65-ci ayəsi ilə açaraq, bu əlamətdar gün münasibətilə  iştirakçıları təbrik etdi. Növrəstə xanım bu iki böyük şəxsiyyətin izdivacının tarixi əhəmiyyətindən danışdı.

 

Çıxış edənlər “İzdivac sözünün mənası və mahiyyəti, bəşər qanunlarında izdivacın əhəmiyyəti, İslamda evlənmənin əsas şərtləri, rəsmi və qeyri rəsmi nigahın fərqi, müsbət və mənfi cəhətləri, Azərbaycanda nigahla bağlı problemlər, Gənclər niyə rəsmi nigahdan qaçır?, Ailədaxili münaqişələrin və boşanmaların səbəbləri” və digər mövzular ətrafında gediş müzakirələr etdi.

 

İlk söz Gəncə Ziyalılar Cəmiyyətinin sədri Ayna Ruhullayevaya verildi. Ayna xanım cəmiyyətdə qadın problemlərinə toxunaraq, televiziya kanallarındakı şou proqramlarda İslam dəyərlərinin nəzərə alınmamasından söz açaraq  “nümunəvi” qadınlar qismində layiq olmayan müğənnilərin təqdim  olunmasına öz tənqidi münasibətini bildirdi. O, bütün qadınlara Xanım Zəhranın(s.ə)ailə həyatından örnək almalarını arzuladı.

 

İslamçı xanım Elnarə Paşayeva bu əlamətdar tarixin cumə gününə təsadüfünü ikiqat bayram adlandırdı. O, bütün dünyanın yaranış səbəbi olan Fatimənin(s.ə)  bəşərin ən üstün şəxsiyyəti Əli(ə) ilə izdivacında ər-arvad münasibətlərinə toxunaraq, müasir dövrdə gənclərin nigahdan yayınmasını bir-birlərinə güvəncin olmaması ilə əlaqələndirdi.

 

Partiya fəallarından Aslanova Gulanə çıxışını “Əgər Əli olmasaydı Fatiməyə ər, Fatimə olmasaydı Əliyə həyat yoldaşı olmazdı”hədisini xatırlatmaqla başlayaraq, qadın və kişinin ailədə bir -birlərinə sədaqətli olmaları  və ailədə xoşbəxtliyin həmişəlik yuva salması üçün  dinimizdə olan meyarlara müraciət olunmasının vacibliyini söylədi.

 

Sumqayıt şəhərindən gələn ilahiyyatçı xanım Yeganə Şükürova İslamda izdivac məsələsinin çox mühüm yer tutduğunu bildirdi. Ailənin cəmiyyətin həyatında vacib yeri olduğuna toxunan natiq, peyğəmbərin öz qızının fikrinə hörmətlə yanaşmasının bütün valideynlər üçün gözəl örnək olduğunu qeyd etdi:

 

 “Bu gün yeni qurulan ailələrdə boşanmaların qarşısının alınması üçün maariflənmə mühüm amildir. Bu gün evlilik ildönumünü qeyd etdiyimiz cütlüyün ailə həyatı bütün dövrlərin gəncliyi üçün ibrət almalı bir nümunəyə çevrilib.”

 

AİP -in sabiq sədr müavini, hicab şəhidi Hacı Vaqifin həyat yoldaşı Gülzar Abdullayeva konfrans iştirakçılarını bu əlamətdar hadisə münasibəti ilə təbrik etdi. Bütün gəncləri nümunəvi ailə modeli yaratmış bu fədakar cütlüyün sevgi hekayətindən sadaqət dərsi almağa çağırdı.

 

AİP Qadınlar Komitəsinin sədr müavini Fatimə Səlimova müsəlman qadınların özlərini Fatimə kimi bələdçiləri olduğuna görə xösbəxt saydıqlarını vurğuladı və bütün iştirakçıları İslam dünyasının günəşi və ayı sayılan Əli(ə) və Fatimənin(s.ə) evlilik ildönümü münasibətilə təbrik etdi.

 

“Əsgər analarına dəstək” cəmiyyətinin üzvü Əsli Hacıyeva çıxışında başqa dinlərdə  evliliyə olan münasibətə toxundu. Allahın İslam dinindəki izdivac məsələsində insanlara verilən azadlıq, ər-arvad münasibətlərinə xüsusi əhəmiyyət verməsindən söz açdı.

 

Dindar fəal qadınlardan Aybəniz xanım  Qurani-Kərimdə insanın nəfsi istəklərinin qarşısında daim zəif olmasını, bu istəklərin ram olunması üçün izdivacın vacib buyrulmasından danışaraq  qadının ailədə daha böyük rol oynadığını xüsusi vurğuladı:

 

”Çünki şəhidləri, alimləri, qəhrəmanları və bütün müqəddəs şəxsiyyətləri yetişdirən anadır.”

 

“Nərgiz” qadınlar cəmiyyətinin sədri Səidə Səmədova diqqəti ay ərzində 500 cütlüyün boşanması ilə bağlı rəsmi statistikaya yönəldərək, ailədaxili münaqişələrin əsas səbəblərindən birinin  böyüklərin gənclərin münasibətinə müdaxiləsi olduğunu bildirdi. O, qadın haqlarını müdafiə edən cəmiyyəti olaraq, zərif cinsin nümayəndələri ilə daha çox ünsiyyət qurduğuna görə gənc qızlar üçün “ailəyə hazırlıq” kurslarının açılmasını vacib hesab etdiyini dedi. Səidə xanım bununla bağlı rəhbəri olduğu qurum tərəfindən bir sıra layihələr hazırlandığını diqqətə çatdırdı.

 

 Azərbaycanın ilk snayper qadını Növrəstə Yusifova çıxışında bütün insanlara mənəvi zənginlik arzuladı.

 

Ruqəyya mədrəsəsi nəzdində fəaliyyət göstərən qadın cəmiyyətinin fəal üzvlərindən olan  Zəhra Əliyeva valideynlərin ailədə səmimi, mehriban davranışının övladlarının təlim-tərbiyəsində əvəzsiz rola malik olduğunu qeyd etdi.

 

Gənc fəal Ülkər Səlimovaya müsəlman xanımları təbrik edərək, Əli (ə) Fatimə (s.ə) kimi insanların İslam ümməti üçün nemət olduğunu dedi.

 

Sumqayıt şəhəridən gələn inanclı fəal xanım Lalə Dənziyeva düzgün həyat yoldaşının seçilməsinin çox mühüm əhəmiyyət daşıdığını bildirdi:

 

” Biz cəmiyyətdə ideal insanlar olmadığını deyirik, amma düşünmürük ki, insanların müsbət mənada dəyişməsi üçün hamı birgə səy gəstərməlidir. İdeal ailədən öyrənmək üçün bizim çox gözəl nümunəmiz var. “

 

Qeyd edək ki, konfrans “Əsgər analarına dəstək” ictimai birliyi, ”Fatimə” qadın cəmiyyəti, “Rüqəyya” “Bətul” və digər qadın icmalarının birgə təşəbbüsü ilə hazırlanmışdır. islaminsesi /

 

 

 

 

 

Google+ WhatsApp ok.ru