''Araz'' otel söküldü - FOTO/VİDEO- YENİLƏNİB

''Araz'' otel söküldü - FOTO/VİDEO- YENİLƏNİB

*** ilk xəbər 15:45-də yayımlanıb
 
Otelin və yanındakı obyektin sahiblərinə xəbərdarlıq edilmədiyi deyilir
 
Dekabrın 23-də Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən dördmərtəbəli "Araz" oteli sökülüb. Otellə birlikdə ona bitişik olan aptek, kafel-metlax mağazası da dağıdılıb.
 
Mağaza işçiləri hadisə yerində olan Meydan TV əməkdaşına bildiriblər ki, söküntü barədə onlara əvvəlcədən məlumat verilməyib.
 
"Otel boşaldılmayıb. Əşyalar küçələrə tökülüb. Elə bu da onu göstərir ki, hadisə qəfil baş verib və otel rəhbərliyi əvvəlcədən məlumatlandırılmayıblar" - deyə mağaza əməkdaşı bildirib.
 
Otel işçiləri də jurnalistlərə əvvəlcədən xəbərdar olmadıqlarını deyiblər:
 
"Bu gün səhər gəlib dedilər ki, çıxın, otel sökülür. Heç əşyaları çıxarmağa da icazə verilmədi. Söküntüyə şəxsən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov nəzarət edib".
 
Meydan TV əməkdaşının sözlərinə görə, hazırda ərazi polis nəzarətindədir:
 
"Otelə məxsus xalçalar, kreslolar, hətta kompüterlər belə küçəyə tökülüb. Yoldan keçən adamlar həmin əşyaları götürüb gedirlər. Polisdən niyə buna icazə verdiyini soruşduq. Dedi ki, onsuz da məhv olur, kim istəyir götürüb getsin".
 
Bakı şəhər İcra Hakimiyyəti əməkdaşının jurnalistlərə verdiyi məlumata görə, söküntüyə səbəb həmin yolun genişləndirilməsidir. Otelin yerləşdiyi ərazinin bir hissəsində isə park salınacaq. Lakin icra hakimiyyəti nümayəndəsi söküntünün niyə xəbərdarlıq edilmədən aparılmasına aydınlıq gətirməyib. /
 
 

Google+ WhatsApp ok.ru