Arzu Abdullayeva: `Qanun keşiyində duranlarımız əhaliyə qarşı qanunsuz hərəkət edirlər`

Nardaran kəndi ətrafında baş verənlərlə bağlı narahatlıqlar davam edir. Kənd ağsallarının qəbul etdiyi son qərara əsasən, kəndin mərkəzi İmam Hüseyn (ə) meydanı və küçələrin boşaldıldığı bildirilsə də, hələ də kənddə bir sıra narazı sakinlərin bu qərarla razılaşmadığı deyilir. Soyuq günlərdə kəndin istilik, benzin, su və çörəklə imtahana çəkilməsi isə vəziyyəti daha da gərginləşdirə bilər. 
 
Məsələ ilə bağlı Maide.az-a açıqlama verən hüquq müdafiəçisi Arzu Abdullayeva hesab edir ki, bütövlükdə bir kənd camaatının qazsız, su və çörəksiz qoyulması o deməkdir ki, onları cəzalandırırlar. "Ancaq hansı hüquqi əsasla? Nə prokurorluq bütün kəndə sanksiya tətbiq edə bilməz, nə də məhkəmə kəndə qarşı hökm çıxara bilməz. Hüquqda kollektiv məsuliyyət yoxdur. Kimin günahı varsa, fərdi qaydada  məsuliyyətə cəlb oluna bilər. Qanun keşiyində duranlarımız əhaliyə qarşı qanunsuz hərəkət edirlər. Hüquqi müstəvidən mənəvi və psixoloji amillərə keçsək, vəziyyət birmənali deyil. Rusiya Suriyaya Xəzər dənizindən raket atması, Rusiya-Turkiyə münasibətlərinin gərginləşməsi, dünyada terror aktlarının artması  Cənubi Qafqaz ölkələrində böyük təhlükə yaradır. Bizim hüquq mühafizə strukturlarımız  həmişəki kimi qeyri-peşəkarlıq göstərirlər, qabaqdan gəlmişlik edirlər, günahı olanı da, olmayanı da təqib edirlər, insan faktoru, günahsızlıq prezumpsiyası burada işləmir. Nəticə də göz qabağındadır. Hər iki tərəfdən ölənlər var. Allah hamını rəhmət eləsin. Biz hüquq müdafiəçilər də indi, bu vaxtda (gecəyarısı) yazışırıq, müzakirə edirik ki, yaranmış vəziyyətdən çıxış yolu tapaq", - deyə A.Abdullayeva bildirib. /

Google+ WhatsApp ok.ru