Arzu Abdullayeva: `Torbyorn Yaqlandın bəyanatı İşçi Qrupun sonudur`

 
Avropa Şurası İnsan Hüquqları üzrə Azərbaycanla Birgə İşçi Qrupdan çıxır. Bu barədə AŞ baş katibinin mətbuat katibi bəyanat verib.
Bəyanatın mətnində deyilir: “Avropa Şurasının baş katibi Torbyorn Yaqland oktyabrın 7-də Nazirlər Komitəsinə Azərbaycanda İnsan Hüquqları üzrə Birgə İşçi Qrupda iştirakına son qoymaq qərarını açıqlayıb.
2014-cü ilin oktyabrında Avropa Şurasının nümayəndəsi Bakıda Azərbaycan vətəndaş cəmiyyəti və hakimiyyət arasında dialoqun bərpasına yönəlmiş görüşlərdə iştirak edib.
Bu təşəbbüslərə baxmayaraq, ölkədə hüquq müdafiəçiləri ilə bağlı ümumi vəziyyət həddindən artıq pisləşib.
Həbs edilmiş hüquq müdafiəçilərinin sayı artır, Avropa Şurası isə onların saxlanılma şəraitinin qəbuledilməz olduğu haqqında həyəcan doğuran məlumatlar alır.
Bununla əlaqədar olaraq, baş katib Azərbaycan prezidenti İlham Əliyevə öz qərarı haqqında məlumat verib”, deyə bəyanatda bildirilir.
Avropa Şurasının baş katibinin bəyanatını Meydan TV-yə şərh edən qrupun üzvü, hüquq müdafiəçisi Arzu Abdullayeva hesab edir ki, bu açıqlamanı  İşçi Qrupunun sonu saymaq olar. Çünki İşçi Qrupu cənab Yaqlandın xahişi ilə yaranıb, amma insan hüquq və azadlıqları istiqamətində heç bir dəyişikliyin olmadığını görəndə, bu bəyanatı verməliydi.
 
 
Arzu Abdullayeva İşçi Qrupunun uzun müddətdir toplanmadığını bildirib: "Eyni zamanda, bizim təkliflər müzakirə olunmur, dinlənilmir. Bildiyimə görə, Avropa Şurası rəsmiləri hakimiyyətlə danışıqlar aparıblar və məsələ belə qoyulub: ya Birgə İşçi Qrupu həqiqətən işləsin, ya da fəaliyyəti dayandırılsın. Bizimlə də belə məsləhətləşmələr olub. Mən qrupun dağılmasını istəməzdim, dialoq qarşı-qarşıya dayanmaqdan daha yaxşıdır. Çox əfsuslar ki, vəziyyət belə alındı".
 
Sabiq millət vəkili Gültəkin Hacıbəyli də düşünür ki, baş katibin bəyanatı İşçi Qrupun sonu deməkdir: "Əslində, qrup təsis olunanda da ciddi ümidlər yox idi. Ən azı Azərbaycanın siyasi dairələri, ictimai xadimlər, fəallar, Milli Şura olaraq təşkilatımız bu quruma etimad göstərmirdik. Həm də insan haqları sahəsində ciddi dönüş yaradacağına inanmadığımızı ifadə etmişdik. Çünki əvvəllər də oxşar qrup fəaliyyət göstərib və verilən əfv qərarları İşçi Qrupun fəaliyyəti nəticəsində yox, hakimiyyətin qərarları ilə olub. Yəni İşçi Qrup formal xarakter daşıyıb. Baxın, son ilin reallığı göstərdi ki, İşçi Qrupunun yaranmasından sonra insan haqlarının durumu yaxşılaşmaq əvəzinə daha da psiləşdi. Siyasi məhbsuların sayı artdı, həbsdəki insanların durumu haqda məyusedici xəbərlər almaqdayıq".
"İşçi Qrupunun fəaliyyəti son zamanlar yalnız Azərbaycana gəlmiş erməni ailəsinin yüksək səviyyədə qarşılanması və mətbuat konfransı keçirməsi ilə yadda qalıb.  Amma həmin qrupun üzvləri indiyə qədər siyasi məhbusla bağlı mətbuat konfransı keçirməyiblər",-deyə sabiq deputat bildirib.
 
 
Baş katibin bəyanatından sonra rəsmi Bakının mövqeyinə gəlincə, Hacıbəyli hesab edir ki, hakimiyyət Rusiyaya yaxınlaşma meylləri ilə yanaşı insan haqları və demokratiya sahəsində sərtləşmə siyasəti aparır. Yəqin ki, yaxın aylarda əfv fərmanları olmayacaq, olsa belə, siyasi və vicdan məhbuslarına yox, qatı cinayət törədənlərə şamil olunacaq. Bundan əlavə, Avropa Şurasından tələblər sərtləşdikcə, hakimiyyət də "geri çəkilə bilmərik" kompleksini yaşayır və addımlarını daha da sərtləşdirir: "Ona görə vəziyyətin daha da gərginləşəcəyini gözləyirəm. Xüsusən 1 noyabr parlament seçkilərindən sonra beynəlxalq təşkilatların çox sərt mövqeyi gözləniləndir, çünki seçkilərin azad və ədalətli olmayacağı daxildə və xaricdə şübhə doğurmur. Belə bir vəziyyətdə siyasi məhbuslarla bağlı durumun yaxşılaşacağını gözləmirəm, Avropa Şurasının da əməkdaşlıqdan imtina etməsi bunun çox ciddi simptomudur".  Meydan.tv /
 

Google+ WhatsApp ok.ru