Aslan İsmayılov: “Azərbaycanda Saakaşvilinin atdığı radikal addımlara ehtiyac var”

Gürcüstanın sabiq prezidenti M.Saakaşvili Ukraynada Odessa şəhərinin meri olaraq çox ciddi islahatlar aparır. Amma sabiq prezidentin atdığı addımlar son dərəcə özünəməxsusluğu ilə seçilir. Əhali bu addımlardan məmnun olsa da ölkə məmurları bu addımları o qədər də bəyənmirlər. Bәzləri düşünür ki, ümumiyyətlə bu cür addımlar nəticə etibarı ilə dayanıqlı müsbət dəyişikliklərə səbəb ola bilməz. Eyni zamanda, Saakaşvilinin bu addımları hər bir ölkədə realizə edilə bilməz.
 
Vəkil Aslan İsmayılov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, Azərbaycanda baş verən islahatlar yalnız sözdədir: “Əslində Saakaşvilinin davranışlarında qeyri-adi heç bir şey yoxdur. Bunun hamısı mümkün olan bir işdir. Azərbaycanda əminəm ki, bu cür addımlar atılacaq. Әgәr biz bir ölkə olaraq Azərbaycanı dəyişmək istəyiriksə, düşdüyümüz çətin vəziyyətdən çıxmaq istəyiriksə, mütləq həmin addımları atmalıyıq. Azərbaycana sözdə deyil, əməldə ciddi islahatlar lazımdır. Bu gün isə Azərbaycanda baş verən islahatlar yalnız sözdədir. Onu da qeyd edim ki, indiki durumda Azərbaycanda istənilən rahat və ya keyfiyyətli addımlar mütləq mənada gecikmiş olacaq. İndi Azərbaycan elə bir durumdadır ki, məhz Saakaşvilinin atdığı radikal addımlarına ehtiyac var. Başqa cür biz bu durumdan çıxa bilməyəcəyik”. /
 

Google+ WhatsApp ok.ru