Astarada mal-qaraya xəstəlik düşüb

Astarada mal-qaraya xəstəlik düşüb

«Mal-qara arasında xəstəlik yayılıb. Mənim 3 sağmal inəyim var idi, ikisi bu xəstəlikdən öldü».
 
Bunları Astara rayon sakini Aydın Qafarov deyir. Onun bildirməsinə görə, xəstəliklə bağlı baytar həkiminə müraciət edib:
 
«BAYTARLAR DEYİR Kİ, BU XƏSTƏLİYİN MÜALİCƏSİ YOXDUR»
 
«Gəlib baxdılar, iynə vurdular, xeyri olmadı. Baytar həkimləri deyir ki, bu xəstəliyin müalicəsi yoxdur. Xəstəliyi də müəyyənləşdirə bilmirlər. Bu barədə qonşu ölkənin həkimlərinə də müraciət etdim, Tehrana da yazdım. Onlar dedilər ki, əlamətlərinə görə dəri xərçənginə daha çox oxşayır. Bir inəyim qalıb, yəqin o da öləcək. Ailəmi mal-qara ilə saxlayırdım. Bundan sonra bizim üçün çətin olacaq».
 
A.Qafarov qeyd edir ki, bu xəstəlik əhali üçün də təhlükə yarada bilər: «Dəridə yaralar əmələ gəlir. Sonra sürətlə çürümə gedir. Qısa vaxtda mal ölür».
 
Astara rayon Seləkəran kənd sakini Eynulla Nəsirovun deməsinə görə, istilər davam etdikcə, vəziyyət də pisləşir. Xəstəliyə tutulan inəklərin də sayı artır:
 
«MÜALİCƏ BAHADIR»
 
«Səkkiz baş inəyim var. Hər birinə 50 manat xərc çəkmişəm ki, ölməsinlər. Peyvənd olunub, həftədə xüsusi məhlulla yuyuram, iynə vurulur. Müalicə bahadır. Mal-qaranı qapalı yerdə saxlamağa çalışıram. Yemlərin keyfiyyətini yüksəltmişəm. Çox baha başa gəlir. Gələn ilə sayını azaldacağam. Sərf etmir».
 
Onun bildirdiyinə görə, elə adamlar var ki, müalicəyə imkanı olmadığından, inəkləri tamamilə sıradan çıxıb.
 
Astara rayonunun İranla sərhədin yaxınlığında yerləşən Artupa kəndində də mal-qaranın kütləvi şəkildə xəstəliyə tutulduğu deyilir. Xəstəlikdən tələf olan inəklərin sayının yüzü ötdüyü bildirilir.
 
​XİDMƏT RƏİSİ: «NARAHATLIĞA ƏSAS YOXDUR»
 
Astara rayon Dövlət Baytarlıq Xidmətinin rəisi Mübariz Axundov isə narahatçılığa əsas olmadığını deyir.
 
«Qızdırma xəstəliyidir. Mal-qara adətən ilin bu vaxtında qızdırma xəstəliyinə tutulur. İstilər, pis xidmət xəstəliyə şiddət verir. Bu xəstəliyə tutulan 100 baş inəkdən 9-10-u ölür. O da müalicə olunmayanda. Nəzarət altındadır. Çağırışlara gedirik, peyvəndlər vaxtında olunub».
 
Onun fikrincə, mal-qara saxlayanlar bu məsələyə səthi baxırlar. Yemləmə düzgün aparılmır:
 
«İNƏKLƏRİ ÇİMİZDİRMƏK LAZIMDIR»
 
«Zootexniki qaydalara düzgün əməl olunsa, ölüm olmaz. Bəzən bir malda bir neçə xəstəlik olur, qızdırma onu tutur. Belə halda inəyi qurtarmaq olmur. Qidalı yem vermək lazımdır. Həftədə, heç olmasa, bir dəfə çimizdirmək vacibdir. Əməl etmirlər».
 
Xəstəlikdən ölmüş malın əti satışa çıxarıla bilərmi? M.Axundov suala cavab olaraq bunun mümkün olmadığını deyir: «Bu xəstəlikdən ölmüş malın ətində yaralar və düyünlər olur, rəngi də dəyişir. Belə ətləri bazara çıxarmaq mümkün deyil. Biz nəzarət edirik». (azadliq.org)

Google+ WhatsApp ok.ru