Avropa borc içində üzür

Avropa Parlamentində Avropa İttifaqının (Aİ) gələn il büdcəsi və bu il üzrə ən vacib ödənişlərin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub.

 

ANS PRESS-in məlumatına görə, Avropa Parlamentinin vebsaytında bildirilib ki, 2014-2015-ci illər üzrə Aİ büdcəsinə ödənişlər üçün əlavə 4,8 milyard ayrılıb. Bundan əlavə, 2015-ci ildə büdcə öhdəliyi üçün 145,3 milyard avro, Aİ büdcəsinə ödənişlər üçün isə 141,2 milyard avro ayrılacaq.

 

Parlament və büdcə komitəsi büdcə layihəsini dekabrın 15-18-də parlamentin sonuncu plenar sessiyasında təsdiqləməlidir.

 

Büdcə komitəsinin Fransadan olan sədri Jan Artyus deyib ki, parlamentin əsas marağı indiyədək yığılıb qalmış Aİ büdcəsinə ödənişlərin azaldılmasıdır. Büdcəsi tükənmiş ölkələrin əziyyət çəkdiyi, etibarlı əməkdaş kimi Aİ-yə inamın azaldığı bir vaxtda bu pulları ilbəil üst-üstə yığıb saxlamaq olmaz.

 

Ümumiyyətlə, 2010-cu ildə Aİ büdcəsinə ödənilməli olan 5 milyard avro bu ilin əvvəlinə 23,4 milyard avroya çatıb. Parlament əlavə pulu ayırmasa, bu borc artaraq büdcəyə ziyan vura bilər.

 

Belçikalı deputat Jerar Deprez diqqətə çatdırıb ki, Aİ Komissiyası üzv ölkələrin hesablamalarına əsasən, əlavə 4,8 milyard avro istədi, biz də razılaşdıq. Buna baxmayaraq, Aİ Komissiyasının yığılıb qalan ödənişləri 2016-cı ilədək necə azaldacağını bilməliyik.

 

Xatırladaq ki, Aİ-nin 2015-ci il büdcəsində 2014-cü illə müqayisədə layihələrə 1% əlavə pul ayrılacaq. Ayrılan pulun 94%-i üzv ölkələrdə xərclənəcək, bunun cəmi 6%-i Aİ-nin payına düşəcək. Büdcə layihəsini Aİ Komissiyası təqdim edib, Aİ Şurası və Parlament isə buna düzəlişlər edib. /

Google+ WhatsApp ok.ru