Avropalıların 17 faizi yoxsuldur…

Azərbaycan hökuməti isə gündə 4.5 dollar qazananı yoxsul saymır

 

«Azərbaycanda əhalinin yoxsulluq səviyyəsilə bağlı hökumətin son 5 ildə dəyişməz saxladığı 5 faiz rəqəminin mübahisəli və şübhəli olduğu çox müzakirə edilib. Aydın məsələdir ki, əsas məsələ «yoxsul kimdir» sualı ilə bağlıdır və bunun da reallığa daha yaxın cavabı yoxsulluğu ölçmə üsulundan qaynaqlanır». Bu haqda sosial şəbəkədə iqtisadçı-ekspert Rövşən Ağayev yazıb. 
İqtisadçı qeyd edir ki, Azərbaycan hökuməti mütləq yoxsulluq göstəricisindən istifadə edir: «Hazırda adambaşına gündəlik gəliri təxminən 4.5 dolları ötən şəxslər yoxsul hesab edilmir. Yəni sən ayda təxminən 135 dollar xərcləyirsənsə, yoxsul hesab edilmirsən. 
 
Amma, məsələn, Avropa Birliyi ölkələrində nisbi yoxsulluq gösətəricisindən istifadə edilir. Bu metodologiyaya görə, adambaşına median gəlirlərin 60 faizdən az gəlirə malik olan ailələr yoxsul hesab edilir. Bu metodologiya əsasında hesablamaya görə, hazırda Avropa Birliyi sərhədləri daxilində 17 faiz əhali (85 milyon nəfər ətrafında) yoxsul sayılır». 
 
«Dünya Bankının Azərbaycan üzrə Sistemli Ölkə Diaqnostikası sənədindən və bunun əsasında Azərbaycan üçün hazırlanan 2015-2020-ci illər üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsi adlı sənəddə Azərbaycanda yoxsulların sayı ilə bağlı hökumətin rəqəminə toxunulmur - 5 faiz qəbul edilir. Amma Bank əlavə olaraq çox maraqlı bir göstərici hesablayıb. Bankın ekspertlərinin hesablamasına görə, əhalinin 29 faizi orta təbəqəni təmsil edir. 
 
Əgər 5 faiz yoxsul, 29 faiz orta təbəqədirsə (cəmi 34 faiz) yerdə qalan 66 faiz əhali hansı təbəqəyə aiddir?»-deyə R.Ağayev vurğulayır.
 
Ekspert əlavə edir ki, Dünya Bankının ekspertlərinin yanaşmasına görə, əhalisinin böyük bir hissəsi (təxminən 65 faiz) yoxsulluqdan çıxsa da, hələ orta sinfə daxil ola bilməyib: «Dünya Bankı orta sinif üçün gündəlik istehlak səviyyəsini 10 dollar götürüb. Kobud desək, 4 nəfərlik ailədə aylıq istehlak səviyyəsi 1200 dolları ötürsə, bu ailələr "orta təbəqə"yə aid edilir. Bank bu kateqoriyanı «həssas» qrup adlandırır. Yəni istənilən daxili və ya xarici şok bu qrupu yoxsullar qrupuna ata bilər. 
Hər halda maraqlı göstəricidir və ilk dəfədir ki, Azərbaycan cəmiyyətində orta təbəqənin miqyası barədə etibarlı mənbənin ortaya çıxardığı rəqəm görə bilirik. Sadəcə bir faktı müqayisə üçün deyim ki, inkişaf etmiş ölkələrdə əhalinin təxminən 10-15 faizi yoxsulları, 70-75 faizi orta təbəqəni, 10-15 faizi yüksək gəlirli və varlı təbəqəni təmsil edir».

Google+ WhatsApp ok.ru