Azərbaycanda rəsmi işsizlərin sayı açıqlanınb

Bu il aprelin 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4851,5 min nəfər olub, onlardan 4614,3 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.
 
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il martın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1514,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 880,6 min nəfər, qeyri-dövlət bölməsində isə 633,5 min nəfər təşkil edib.
 
İqtisadiyyatın neft sektorunda 36,8 min nəfər, qeyri-neft sektorunda isə 1477,3 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1469,3 min nəfər təşkil edib.
 
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,7%-i məhsul istehsalı sahələrində, onlardan 7,1%-i tikintidə, 6,7%-i emal sənayesində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,4%-i mədənçıxarma sənayesində, 1,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olublar.
 
Muzdla işləyənlərin 77,3%-i isə xidmət sahəsində, ondan 22,3%-i təhsil, 18,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 2,1%-i maliyyə və sığorta fəaliyyəti, 1,7%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,9%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.
 
Bu il aprelin 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29,1 min nəfər olub, onların 39,2%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 254,4 manat olub.

Google+ WhatsApp ok.ru