Azərbaycan Ermənistana Madrid prinsiplərinin 1-ci bəndini xatırlatdı 09 Mart 2016 02:00 Qarabağ xəbərləri Sözügedən bənddə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması nəzərdə tutulur “Elə təəssürat yaranır ki, sanki Edvard Nalbandyanın ümumiyyətlə danışıqlar prosesində nədən söhbət getdiyindən xəbəri yoxdur”. Bu sözləri APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın “Kommersant” qəzetinə müsahibəsini şərh edərkən deyib. H. Hacıyev bildirib ki, münaqişənin həlli prosesinin mahiyyəti və məzmunu Ermənistanın xarici işlər naziri tərəfindən yenə də qeyri-ciddi şəkildə təhrif edilib: “Rəsmi Yerevanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin həlli prosesinə guya sadiq olduğunu iddia edən Ermənistanın xarici işlər naziri heç vaxt özündə cəsarət tapıb yenilənmiş Madrid prinsiplərinə istinad etmir. Bu da təsadüfi deyil. Ermənistan rəsmisinin yaddaşını təzələmək istərdik ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən altı bənddən ibarət olan yenilənmiş Madrid prinsipləri təqdim olunub. Münaqişənin mərhələli həlli üzrə yol xəritəsi rolunu oynayan yenilənmiş Madrid prinsiplərinin 1-ci bəndində Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması nəzərdə tutulur”. H. Hacıyev bildirib ki, məzmunsuz, şablon ifadələr və ikinci dərəcəli texniki məsələlər əvəzinə Ermənistan xarici işlər naziri BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və yenilənmiş Madrid prinsiplərinə uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması məsələsinə aydınlıq gətirməlidir: “Lakin Azərbaycanın işğal olunmuş ərazilərinin hərbi işğalını və status kvonu hər vəchlə davam etdirməyə çalışan, işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma, iqtisadi və digər fəaliyyətlər həyata keçirən Ermənistanın əməlləri bir daha onu sübut edir ki, rəsmi Yerevanın məqsədi əslində sülh prosesi imitasiyası adı altında Azərbaycan ərazilərinin ilhaqıdır”. XİN sözçüsü əlavə edib ki, ATƏT Minsk Qrupunun həmsədrləri də özlərinin təklif etdiyi yenilənmiş Madrid prinsiplərinə və BMT TŞ-nın müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb etməlidirlər: "Yalnız bu zaman münaqişənin həllində irəliləyişə nail olmaq mümkündür". Teqlər : #Azərbaycan Ermənistana Madrid prinsiplərinin 1ci bəndini xatırlatdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qarabağdakı vəziyyət Rusiyanı narahat etməyə başlayıb Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə 124 atəş zərbəsi endirib
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni