Azərbaycanda hansı ölkələrin vətəndaşları işləyir?

2016-cı ilin martın 1-nə olan statistic məlumatlara əsasən, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 3,71 faiz artıb. Fevral ayı ərzində əlavə olaraq 688 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı  28903 nəfərə yüksəlib.  
 
Maide.az  xəbər verir ki, DSMF-nin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 87,83 faizini (25385 nəfər) kişilər, 12,17 faizini (3518 nəfər)  isə qadınlar təşkil edir.
 
Ümumilikdə 118 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə Respublikası vətəndaşları (14053 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan  Respublikası vətəndaşlarının sayı 3068 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1749 nəfərə çatıb.   
 
Sonrakı yerlərdə Hindistan (1252), İran İslam Respublikası (992), Çin Xalq Respublikası (870), Banqladeş Xalq Respublikası (661), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya Krallığı (601), Pakistan İslam Respublikası (555), Ukrayna (483), Özbəkistan (290), Filippin Respublikası (267), Almaniya Federativ Respublikası (259), ABŞ (257), Qazaxıstan Respublikası (226), Türkmənistan Respublikası (219), İtaliya (206)  və s. ölkələr qərarlaşıb./
 

Google+ WhatsApp ok.ru