Azərbaycan irimiqyaslı hərbi təlimlərə hazırlaşır

Azərbaycan irimiqyaslı hərbi təlimlərə hazırlaşır

Hərbi ekspert: “Türkiyə ilə də ortaq təlimlər mütləq keçiriləcək
Son vaxtlar Azərbaycan həm özü, həm də qardaş Türkiyə ilə birgə hərbi təlimlərə sanki ara verib. Halbuki, bu cür təlimlər Ankara-Moskva münasibətlərinin gərgin olduğu dövrdə də keçirilib. İşğalçı Ermənistanın Azərbaycan ərazilərində son hərbi manevrləri isə ona adekvat cavab vermək zərurəti yaradıb.
 
Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, Azərbaycan hərbi təlimlərə ciddi diqqət ayırır: “Azərbaycan hərbi təlimlərini ötən il planlaşdırıb. Təlimlər bölmələr və briqadalar üzrə keçirilir. Bizim Türkiyə və Gürcüstanla keçirəcəyimiz hərbi təlimlər bizdən asılı olmayan səbəblərdən arxa plana keçdi. Təlimlər onsuz da ilin sonuna qədər keçiriləcək. Bildiyiniz kimi, Türkiyə və Gürcüstanda hərbi nazirlər dəyişdi. Azərbaycan hərbi təlimlərə tam hazırdır. Silahlı Qüvvələrin döyüş hazırlığını yoxlamaq üçün qərargahlarda hərbi təlimlər keçirilir. Birgə təlimlərdə sadəcə, müvəqqəti fasilə yaranıb. Amma oktyabr və noyabr aylarında onların reallaşması gündəmdədir. Hərtərəfli o təlimlər keçiriləcək. Proqram bir qədər də genişləndirilib. Bir müddət bundan əvvəl Azərbaycanın müdafiə naziri Qəbələdə Türkiyə və gürcüstanlı həmkarı ilə bu barədə müzakirələr apardı və tərəflər arasında niyyət sazişi imzalandı. Bu sahədə hər şey qüvvədədir. Düşünürəm ki, hərbi təlimlərin yubanmasının baş vermiş hadisələrlə heç bir əlaqəsi yoxdur.
 
Bir faktı da unutmaq olmaz ki, Azərbaycan öz təlimlərini Rusiya və Ermənistana mesaj vermək üçün keçirmir. Sadəcə, ölkəmizin bu təlimləri keçirmək haqqıdır, çünki torpaqları işğal altındadır. Azərbaycan irimiqyaslı təlimini iki il öncə qardaş Türkiyə ilə keçirmişdi. Ondan bir il sonra da bu tipli təlimlər keçirildi. Gürcüstan da sonradan bu prosesə qoşuldu. Azərbaycan mütləq bu təlimləri yenidən keçirəcək. Bu yaxın zamanlarda baş tutacaq. Çünki plan üzrə hərbi təlimlər keçirilir və bu sahədə bir dəyişik yoxdur, yəni hər şey qüvvəsində qalır. Təlimlər Türkiyə ilə yanaşı ölkəmizə daha çox lazımdır".
 
Hərbi ekspert Türkiyədə baş verən 15 iyul qiyamının da hərbi təlimləri yubatdığını istisna etmədi: “Sözsüz ki, qardaş ölkədə baş verən qiyam da buna təsir etdi. Çünki 15 iyul qiyamından sonra Türkiyə Silahlı Qüvvələrində təmizləmə əməliyyatı aparıldı, araşdırmalar getdi. Bu proseslər deməzdim ki, hərbi təlimləri durdurdu, sadəcə, bir qədər yubatdı. Təlimlərin heç bir halda ləğvindən söhbət getmir. Türkiyə ilə Azərbaycan strateji müttəfiqdir. Eyni cəbhədən çıxış edirik. Buna görə də irimiqyaslı hərbi təlimlər bu il də olacaq. Belə təlimlər nazirlər səviyyəsində deyil, ölkələrin rəhbərləri səviyyəsində razılaşdırılır. Qoşunların iştirakı ilə bağlı bütün zəruri məsələlər nəzərə alınır. Bunlar sıradan bir məsələlər deyil. Onu da qeyd edim ki, bu məsələlərdə ölkələr arasında heç bir problem yoxdur. Ermənistanın son paradda göstərdiyi silahlara gəlincə, onlarsız da bir işimizi görürük. Onlara uyğun olaraq nəyisə etmirik. Quru qoşunlarımız hər an tam hazır vəziyyətdədir”. (musavat.com)
 

Google+ WhatsApp ok.ru